Son günlərdə ölkəmizdə baş verən hadisələrlə əlaqədar insanları maraqlandıran mövzulardan biri II Dağlıq Qarabağ müharibəsinə cəlb olunan işçilərlə olan əmək münasibəti və onların maddi təminatı məsələsidir. Belə ki, iş yerini tərk edərək könüllü döyüşməyə gedən, hərbi toplanışa çağırılan və qismən səfərbərliyə alınan insanların sayı olduqca çoxdur. Bu yazıda qanunvericinin bu məsələlərə münasibətdə mövqeyi diqqət mərkəzinə alınmışdır. Aşağıda sentyabr ayı ərzində baş verən hadisələr xronoloji ardıcıllıqla ələ alınır və qanunvericinin məsələlərə fərqli yanaşması araşdırılır.
İlk öncə, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin 2020-09-21 tarixli saat 09:53:53 məlumatına əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununa əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra “SHXÇDX”) tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir və bu səfərbərlik deyil. Qanunvericiliyin bu cür hərbi vəzifəli işçilərin hərbi təlim və toplanışlarda iştirakı ilə əlaqədar mövqeyi birmənalıdır və elə bir problem də doğurmur. Belə ki, Əmək Məcəlləsinin 179.1.(g) bəndinə əsasən işçi hərbi mükəlləfiyyətlə bağlı vəzifələrinin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində digər hərbi tədbirlərdə iştirak etdikdə, onun iş yeri və orta əmək haqqı işəgötürən tərəfindən saxlanılmalıdır.
Əmək Məcəlləsi ilə yanaşı, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda da bununla bağlı müddəa var. Həmin qanunun 52.1.bəndinə əsasən, toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində və orta aylıq əmək haqqı saxlanılmaqla iş prosesindən azad edilirlər. Çağırış vərəqəsi aldığı gündən toplanışdan qayıdana qədər sözügedən şəxslərin əmək müqaviləsinə xitam verilə bilməz.
Oxşar müddəa həmçinin 1997-ci il 3 oktyabr tarixli “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə də öz əksini tapmışdır. Həmin Əsasnamənin 147.bəndində deyilir ki, toplanışa çağırılmış və ya komandir məşğələlərinə cəlb edilmiş işçilər toplanış (komandir məşğələləri) ərzində, hərbi hissəyə gəlib çatması və geri qayıtması vaxtı da nəzərə alınmaqla tutduğu vəzifəsi (işi) saxlanılır və onlara iş yerində orta əmək haqqı verilir.
Qanunvericilik bu cür təlim toplanışlarının müddətini də müəyyən etmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 45.2.bəndinə əsasən:
● birinci dərəcəli ehtiyatda olanlar - hər dəfə 2 ayadək müddətə beş dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq ;
● ikinci dərəcəli ehtiyatda olanlar - hər dəfə 2 ayadək müddətə üç dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;
● üçüncü dərəcəli ehtiyatda olanlar – 1 ayadək müddətə bir dəfə.
Hadisələrin sonrakı gedişatında, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 27 sentyabr 2020-ci il tarixli fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi.
Daha sonra, 28 sentyabr 2020 tarixində Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən SHXÇDX təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb. Bu andan etibarən isə belə bir sual yaranır ki, toplanışa çağırılan işçilərə tətbiq olunan normalar eynilə səfərbərlik üçün də tətbiq olunmalıdır, ya səfərbərlik üçün qanunvericilikdə başqa tənzimləmə nəzərdə tutulur?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov 1 oktybar 2020 tarixində bildirib ki, “Əmək Məcəlləsinə əsasən əgər işçi hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara cəlb edilirsə, işçinin iş yeri və orta aylıq əmək haqqı saxlanılır”. Fazil Talıbov həmçinin bildirib ki, Əmək Məcəlləsi ilə yanaşı, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda da bununla bağlı müddəa var: "Qanuna əsasən toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində və orta aylıq əməkhaqqı saxlanılmaqla iş prosesindən azad edilirlər. Çağırış vərəqəsi aldığı gündən toplanışdan qayıdana qədər sözügedən şəxslərin əmək müqaviləsinə xitam verilə bilməz. Bu hallarda əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı işə götürən müvafiq əmr vermək səlahiyyətinə də malikdir. Hərbi komissarlıq tərəfindən işçiyə verilən müvafiq çağırış arayışı nəzərə alınmaqla, hərbi və xüsusi toplanışa cəlb edilən işçi barədə işəgötürən tərəfindən əmrdə həmin dövrün başlanma tarixi qeyd edilir. Həmin dövrdə işçinin orta aylıq əməkhaqqının saxlanılması barədə məlumatlar göstərilir, bununla bağlı müvafiq tapşırıqlar verilməsi qanuna müvafiq olaraq həyata keçirilir". Cənab Fazil Talıbovun mövqeyindən belə anlaşılır ki, “hərbi toplanış” və “səfərbərlik” arasında fərq yoxdur və hərbi toplanış haqqında olan müvafiq müddəa səfərbərlik üçün də tətbiq olunmalıdır. Bu barədə qanunvericinin mövqeyini isə aşağıda nəzərdən keçirək.
“Hərbi vəzifə və hərbi xidmət haqqında qanun”un 24-cü Maddəsinə görə hərbi xidmətin həqiqi hərbi xidmət və ehtiyatda xidmət olmaqla iki növü fərqləndirilir. Həmin qanunun 2.0.3.bəndində “ehtiyatda xidmət”-ə “toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyət” kimi anlayış verilir. Sözügedən qanunun 45, 46 və 52-ci Maddələri “Toplanışların keçirilməsi”nə həsr edilmişdir. Səfərbərlik üzrə hərbi vəzifələrin yerinə yetirilməsi məsələləri isə qanunun 1.2.bəndinə görə “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanunu və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir. Oxşar müddəa “Hərbi vəziyyət haqqında qanun”da da öz əksini tapmışdır. Qanunun 9-cu Maddəsinə görə, hərbi vəziyyətin tətbiqi ilə əlaqədar səfərbərliyin elan edilməsi “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanunun 1.0.2-ci bəndində səfərbərliyə verilən anlayışa görə səfərbərlik - Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların müharibə dövrünün iş rejiminə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna keçirilməsinə dair tədbirlər kompleksidir. Buradan da aydın olur ki, hərbi vəzifəlilərin ehtiyatdan hərbi təlim və toplanışlara çağırılması ilə səfərbərliyə alınması qanunvericinin gözündə bir-birindən fərqləndirilir. Belə ki, səfərbərlik üçün yuxarıda göstərilən anlayışda “müharibə dövrü” şərti qoyulsa da, hərbi toplanış və təlimlər üçün bu cür “prerequisite” müəyyən olunmayıb. Həmçinin, hərbi təlim və toplanışlar “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunla tənzimləndiyi halda, səfərbərlikdən doğan məsələlər “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanunu ilə müəyyən olunur.
Bundan əlavə olaraq, qanunvericilik hərbi vəzifəlilərin təlim və toplanışları üçün yuxarıda göstərilən qaydada xüsusi müddətlər müəyyən etsə də, səfərbərlik barədə bu cür müddət müəyyən olunmamışdır. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanunun 16. Maddəsinə əsasən, vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırışı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin səfərbərlik planlarında müəyyən edilmiş müddət ərzində həyata keçirilir. 18.1-ci bəndə görə isə Səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə həyata keçirilir.
Yuxarıda deyilənlərə əsasən belə qənaətə gəlmək olar ki, toplanışların keçirilməsi və səfərbərlik tamam ayrı anlayışlardır və ölkəmizdə də eyni vaxtda deyil, ümumi vəziyyətə uyğun olaraq ardıcıllıqla həyata keçirildi. Deməli, səfərbərliklə əlaqədar hərbi xidmətə cəlb olunan işçilərlə olan əmək münasibətləri xüsusi tənzimləmə tələb edir. Təəssüf ki, nə “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanunda, nə Əmək Məcəlləsində, nə də digər qanunvericilik aktlarında bu barədə norma nəzərdə tutulmayıb. Sual yaranır ki, bu cür normanın yoxluğunda toplanışlarla bağlı yuxarıda bəhs etdiyimiz norma hüququn analogiyası qaydasında səfərbərliyə cəlb olunan işçilərə münasibətdə də tətbiq olunmalıdırmı?
Səfərbərliyin hərbi xidmətin bir növü olduğunu nəzərə alaraq, səfərbərliyə cəb edilən işçilərə münasibətdə işəgötürənlərin tətbiq etməyə yaxın olduğu həll yollarından biri də Əmək Məcəlləsinin 74.1.(a) bəndinə əsasən, işçi hərbi xidmətə çağırıldıqda tərəflərin iradəsindən və istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilməsidir.[1] Maddədə öz əksini tapan “hərbi xidmət” anlayışı, yuxarıda da qeyd etdiyimiz kimi həm həqiqi hərbi xidməti, həm də ehtiyatda xidməti əhatə edir.[2] Ehtiyatda xidmət isə özlüyündə toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir.[3] Deməli, maddədə nəzərdə tutulan “hərbi xidmət” anlayışı səfərbərlik halını da ehtiva edir və səfərbərlik halında da tətbiq olunur.
Lakin müəmmalı məsələ ondadır ki, Məcəllə sonrakı maddələrdə bir daha “hərbi xidmət” ifadəsindən istifadə etmir və onu hərbi xidmətin bir növü olan “həqiqi hərbi xidmətlə” əvəz edərək ehtiyatda xidmət və onun növlərini öz tənzimləməsindən kənarda qoymuş olur. Məsələn, 77.9. Maddədə deyilir ki:
Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər. Göstərilən iki maddənin (74.1.(a) və 77.9) müqayisəli təhlilindən bu anlaşılır ki, sanki, işəgötürən hərbi ximətə (istər həqiqi hərbi xidmət, istərsə də ehtiyatda xidmət) cəlb olunan bütün işçilərlə əmək müqaviləsinə bu əsasda xitam verə bilər (Maddə 74.1.(a)) və müəssisədə yalnız həqiqi hərbi xidmətdən dönənlərin iş yeri, vəzifəsi saxlanılır və onlar hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququndan istifadə edə bilər. Həqiqi hərbi xidmətə getmiş işçinin yerinə cəlb olunan işçinin əmək müqaviləsinə isə Məcəllənin 74.1.(ə) bəndinə əsasən, əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə -əsası ilə xitam verilir.
Ölkəmizin hal-hazırda içindən keçdiyi dövrdə yuxarıda sadalanan bu məsələlərə aydınlıq gətirilməsi olduqca mühüm məsələdir. Belə ki, qanunvericinin mövqeyi yetəri qədər aydın deyil və çaşqınlıq yaradır.
Allah şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır!
Kanan Khalilov
Hüquq Məsləhətçisi
BHM Hüquq Şirkəti