Bu ildən etibarən Azərbaycanda obyekt sahiblərindən icarə gəlirlərindən tutulan vergi bazar qiymətləri əsasında hesablanacaq.
«APA-Economics»in məlumatına görə, bunu vergilər nazirinin I müavini Natiq Əmirov bildirib. Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, daşınmaz əmlakın icarə münasibətlərində bazar qiymətlərinin tətbiqi nəzərdə tutulur.
N.Əmirov bildirib ki, indiyədək obyektlərin icarəsindən vergi tutulması ilə bağlı problemlər mövcud olub: «Belə obyektlərin sahibləri onları böyük qiymətə icarəyə versələr də, sənəddə bunu aşağı göstərirdilər».
Nazir müavini xatırladıb ki, hələ 5 il əvvəl qərara alınmışdı ki, Nazirlər Kabineti icarə qiymətlərinin vergiyə cəlb olunması üçün minimum icarə haqqı qiymətləri müəyyən etsin. Lakin indiyədək bu qiymətləri dəqiqləşdirmək mümkün olmayıb: «Ona görə də Vergilər Məcəlləsinə budəfəki dəyişikliklərdə qərara alınıb ki, icarə münasibətlərində vergi orqanları bazar qiymətlərini tətbiq edə bilər».
N.Əmirov bildirib ki, bu yenilik obyekt sahiblərinin işinə müdaxilə və ya hüquqlarının pozulması deyil: «Onlar istədikləri şəxsə öz obyektlərini istənilən qiymətə, hətta havayı icarəyə verə bilərlər». Amma obyektin icarəyə verilməsindən vergi hesablananda icarənin bazar qiyməti əsas götürüləcək. Yəni, icarə haqqının neçə olmasından asılı olmayaraq, vergi bazar qiymətindən tutulacaq. «Yəni dövlət deyir ki, sən istənilən şəxsə hər cür güzəşt edə bilərsən, amma bu güzəşt dövlətin hesabına olmamalıdır», - deyə Nazirlik rəsmisi vurğulayıb.
Mənbə: http://az.apa.az/news/285775
The information contained in this website is provided only for informational purposes only, and should not be construed as legal advice on any matter. The receipt of information contained on this Web site, in whole or in part, or communication with BHM Law Firm via the Internet or e-mail through this website does not constitute or create a lawyer-client relationship between us and any recipient.
© 2024 Powered by BHM