BHM Hüquq Şirkəti MMC
en az

Azərbaycanda yaradıcı şəxslər vergidən azad oluna bilər

23.01.2013

Milli Məclisdə birinci oxunuşdan keçən “Yaradıcılıq ittifaqları və yaradıcı şəxslər” haqqında qanunla əlaqədar bir sıra mübahisəli məqamlar var. Hazırda bu məqamlar üzərində yenidən işlənilir”. Bunu APA-ya Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.
O deyib ki, bu məqamlar daha çox maliyyə məsələləri ilə əlaqədardır: “Hazırda yaradıcılıq təşkilatları dövlət tərəfindən maliyyələşdirilir. Amma o təşkilatlar maliyyələşdirilir ki, onların böyük tarixi, zəngin ənənələri var. Məsələn, Azərbaycan Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı kimi. Hətta bu cür tarixi olan Kinematoqrafiya İttifaqı, Teatr Xadimləri İttifaqı maliyyələşmir. Bu birliklərin maliyyələşməsi haqqında müddəa o qanuna daxil olanda Maliyyə Nazirliyi irad tutdu ki, sabah başqa bir yaradıcılıq təşkilatı yarana bilər. Belə olan halda, əlbəttə, dövlət üçün həmin təşkilatların maliyyələşməsi məcburi deyil. Bu məsələ aydınlaşmalıdır”.

Komitə sədri qeyd edib ki, qanun layihəsinin daha bir mübahisəli məqamı yaradıcı şəxslərin vergi verməsi ilə əlaqədardır: “Yaradıcı şəxslər dövlətə vergi vermirsə, onun yaratdığı əsərlər vergidən kənar olursa, gələcəkdə həmin şəxs dövlət tərəfindən maliyyə ala bilər, ya yox. Belə məsələlər var. Mədəniyyət Komitəsi olaraq çalışırıq ki, yaradıcı şəxslər vergidən azad olsun. Təbii ki, icra orqanı buna etiraz edir. Biz xüsusi şəraiti nəzərə alırıq. Azərbaycanda musiqiçilər, müğənnilər daha çox qazanırlar və vergi də verirlər. Burada heç bir problem yoxdur. Amma şairlərin, nasirlərin, dramaturqların, aktyorların vəziyyəti bu baxımdan ürəkaçan deyil. Yaradıcı şəxslərin müəyyən kateqoriyası da vergidən azad oluna bilər. Bunlar hələ müzakirə olunur. Bu məqamlar həll olunsa, parlamentin yaz sessiyasında qanun layihəsi təqdim olunacaq”.

 

Mənbə: http://www.olaylar.az/news/social/28020