BHM Hüquq Şirkəti MMC
en az

İpoteka krediti kimlərə sərfəlidir? - MÜSAHİBƏ

29.01.2013

Ölkədə ipoteka kreditinin geniş yayılmasına baxmayaraq hələ də bu imkandan lazımi səviyyədə yararlana bilməyən vətəndaşlarımız kifayət qədərdir. Məsələ orasındadır ki, əksər insanlar ipoteka kreditinin şərtləri, onun üstünlükləri və məsuliyyəti barədə məlumatlardan xəbərsizdir. Məhz bu kimi halları nəzərə alaraq Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin partnyoru, vəkil Mehman Sultanova müraciət etdik.



- Mehman müəllim, Azərbaycanda ipoteka kreditləri əsasən hansı şərtlərlə verilir?

- Qeyd olunmalıdır ki, ölkəmizdə ipoteka krediti ilə bağlı məsələlər Mülki Məcəllə, "İpoteka haqqında" Qanun, Azərbaycan Respublikası Prezidentinin 2005 və 2007-ci illərdə imzaladığı müvafiq fərmanlarla təsdiq olunmuş qaydalar, habelə Mərkəzi Bank tərəfindən müəyyən olunan standart tələblər əsasında tənzimlənir. Söhbət əgər mənzillərlə bağlı verilən ipoteka kreditlərindən gedirsə, bu zaman ipoteka kreditlərinin iki növü fərqləndirilməlidir. Onlardan biri ümumi ipoteka krediti, digəri isə güzəştli ipoteka kreditidir. Güzəştli ipoteka əsasən, aşağı faizlə (4%) şəhid ailələrinin üzvlərinə, dövlət qulluqçularına, elmi dərəcəsi olanlara və s. şəxslərə verilir. Burada "gənc ailə" dedikdə yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə başa düşülməlidir. Lakin Azərbaycanda ipoteka kreditləşməsindən istifadə edən əhalinin əksəriyyəti bu krediti ümumi qaydlar əsasında alırlar. Və onlara 25 il müddətinədək illik 8 faiz olmaqla 50.000 manata qədər ipoteka krediti verilir. Qaydalara əsasən, şəxsə ipoteka krediti verilərkən onun aylıq maaşının məbləği mühüm əhəmiyyət kəsb edir. Belə ki, kredit üzrə ödəniləcək aylıq məbləğ kredit alanın aylıq gəlirinin 70%-dən çox olduqda, ipoteka kreditinin verilməsindən imtina olunur. İpoteka kreditinin verilməsi şərtlərinə əsasən, kredit Azərbaycan vətəndaşlarına, yalnız mənzil və ya fərdi yaşayış evinin alınması üçün, pensiya yaşına çatmamış, əmək müqaviləsi ilə işləyən və stabil maaşı olan şəxslərə verilir.

- İpoteka kreditləri almaq üçün minimal əmək haqqına tələb, yaxud yaş məhdudiyyəti varmı?

- Əslində, qaydalarda bununla bağlı dəqiq göstəriş yoxdur. Çünki kredit alan şəxslər aldıqları evin qiymətlərindən asılı olaraq müxtəlif məbləğlərdə aylıq kredit borcu ödəyirlər. Ona görə də həmin şəxslərə münasibətdə aylıq maaşları ilə bağlı minimum tələblər müxtəlifdir.

Qaydalara əsasən, kreditin son ödəniş tarixinə kredit götürənin yaşı pensiya yaşı həddindən çox olmamalıdır. Burada söhbət 64 yaşına çatmış kişilər və 59 yaşına çatmış qadınlardan gedir. Bunu əyani bir misalla göstərək. Əgər ipoteka krediti götürən qadın 40 yaşında 20 illik müddətə kredit götürmək istəyirsə və nəzərə alsaq ki, 20 illik dövr qadının 60 yaşında tamam olacaqsa, həmin qadına kreditin verilməsindən imtina olunacaqdır.

- Mülkiyyətində yaşayış sahəsi olan şəxs ipoteka krediti ala bilərmi?

 - Dediyiniz məsələ ilə bağlı qanunda heç bir məhdudiyyət yoxdur. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları"nın 3.1-ci bəndində ipoteka kreditinin cavab verməl olduğu tələblər sadalanmışdır. Həmin tələblər sırasında mülkiyyətində yaşayış sahəsi olan şəxslərə ipoteka kreditinin verilməsindən imtina edilməli olmasına dair hər hansı göstəriş nəzərdə tutulmamışdır.

- İpoteka krediti vasitəsi ilə rayonda yerləşən mənzil və ya ev almaq olarmı?

- Alınacaq mənzilin harada yerləşməsi ilə bağlı qanunda məcburi göstəriş yoxdur. İpoteka krediti vermək bankın hüququdur və minimum tələblərə cavab verən istənilən şəxsə ölkə daxilindəki mənzillə bağlı kredit verə bilər. Məsələn, əgər bank müəyyənləşdirsə ki, ucqar bir rayonda mənzillə bağlı ipoteka krediti vermək onun maliyyə vəziyyəti ilə uyğun gəlmir və ya bankın həm bölgədə filialı yoxdursa, bundan imtina oluna bilər. Ümumiyyətlə, burada müxtəlif faktorlar sadalana bilər. Lakin bununla belə, qaydalara əsasən, kredit üçün müraciət etmiş şəxslə bağlı zəruri sənədlər Azərbaycan İpoteka Fonduna (AİF) göndərilməlidir. AİF verilmiş ipoteka kreditlərinin müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və müvəkkil banka yazılı qaydada razılığını və ya imtina etdiyini 10 iş günü ərzində bildirir. Dolayısilə kreditin verilməsi ilə bağlı son sözü AİF deyir və AİF kreditin ayrılması ilə bağlı öz cavabını əsaslandırma öhdəliyi yoxdur.

- İpoteka verilməsi zamanı potensial borcalanın qeyri-rəsmi gəlirləri nəzərə alınırmı?

- Belə bir hal nə qanunvericilikdə, nə də ki, təcrübədə mövcud deyildir. Çünki qeyri-rəsmi qazancın hüquqi əsası yoxdur. Məsələn, əgər şəxs gələcəkdə kredit öhdəliklərini icra edə bilməsə, kredit verən, yəni bank sənədlərdə əks olunmayan əmlaka və ya gəlirlərə necə iddia edə bilər?! İlkin ödəniş isə borcalanın (birgə borcalanın) yaşayış sahəsinin alınmasına yönəldilən şəxsi vəsaitidir. İlkin ödəniş ipoteka krediti hesabına alınan yaşayış sahəsinin dəyəri ilə ipoteka kreditinin həcmi arasında olan fərqə bərabərdir. Yəni borcalan aldığı yaşayış sahəsinin qiymətinin ipoteka krediti hesabına ödənilməyən hissəsini öz şəxsi vəsaiti hesabına ödəməlidir. Burada söhbət ipoteka kreditinin geri qaytarılması ilə bağlı ilkin ödənişdən getmir.

- Borcalan vəfat etdiyi halda ipoteka kreditinin ödənilməsini kim həyata keçirir?

- Sualınıza cavab olaraq deməliyəm ki, "İpoteka haqqında" qanunun 30.2-ci maddəsinə görə bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır. Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən, miras əmlaka miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları ilə bərabər və vəzifələri də daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Bir sözlə, ipoteka krediti götürmüş şəxs vəfat etdikdən, onun borclarına görə onun vərəsəsi və ya vərəsələri (paylarına uyğun olan hissədə) məsuliyyət daşıyırlar.

- Mən ev tikdirmək istəyirəm. Bunun üçün ipoteka krediti götürə bilərəmmi?

 

- "İpoteka haqqında" Qanunda birmənalı şəkildə qeyd olunmuşdur ki, yaşayış evinin evin tikintisi üçün kredit verilərkən ipoteka müqaviləsində öhdəliyin başa çatdırılmamış tikinti ilə təmin olunması nəzərdə tutula bilər. Bununla yanaşı, "İpoteka haqqında" qanunun 30.1-ci maddəsinə görə ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair digər sərəncamlar verilə bilər.Göründüyü kimi, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, şəxs ipoteka ilə yüklü edilmiş yaşayış evini və ya mənzilini yalnız ipoteka saxlayanın yazılı razılığı ilə özgəninkiləşdirə bilər.

 

Mənbə: http://www.olaylar.az/news/economy/28808