İnzibati Xətalar Məcəlləsində qrant alınması ilə bağlı qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir.
Milli Məclisdən verilən məlumata görə, parlamentin bu gün keçiriləcək iclasının müzakirəsinə çıxarılacaq qanun layihəsində Məcəllənin 223-1-ci maddəsinin adının dəyişdirlməsi ilə bərabər, həmin inzibati xəta üzrə müəyyən edilən cərimələrin məbləğinin də artırılması təklif olunub.
Qrant alınması (verilməsi) haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün təqdim edilməməsi adlı 223-1-ci maddə “Qrant alınması (verilməsi) haqqında qanunvericiliyin pozulması" kimi adlandırlacaq.
Qrant alan hüquqi şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə müəyyən edilmiş cərimənin məbləğinin artırılaraq vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan yeddi min manat olması təklif olunur.
Hazırki qanunvericilikdə cərimənin məbləği min manatdan iki min beş yüz manatadək miqdardadır.
Dini qurumlar tərəfindən qrant alınması (verilməsi) haqqında müqavilələr və qərarlar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmadan həmin qrantlardan istifadə və onlar üzrə əməliyyatlar aparılmasına görə -isə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan yeddi min manat cərimələnməsi təklif olunur.
Hazırda qüvvədə olan qanunvericilikdə cərimənin məbləği min manatdan iki min beş yüz manatadəkdir.
Qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardımın qəbul edilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olmuş vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək miqdarda cərimə edilir.
Məcəlləyə aşağıdakı məzmunda 247-4-cü və 247-5-ci maddələr əlavə edilsin:
Maddə 247-4. İanələr barədə məlumatın maliyyə hesabatına daxil edilməməsi
Siyasi partiyanın və ya qeyri-hökumət təşkilatının, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim olunan maliyyə hesabatına daxil edilməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.
Maddə 247-5. İanə edilən pul vəsaitlərinin nağd şəkildə verilməsi və qəbul edilməsi
247-5.1. İanə edilən pul vəsaitlərinin siyasi partiyaya və ya qeyri-hökumət təşkilatına, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyinə nağd şəkildə verilməsinə görə -fiziki şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər yeddi yüz əlli manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min beş yüz manatdan yeddi min manatadək miqdarda cərimə edilir.
247-5.2. İanə edilən pul vəsaitlərinin siyasi partiya və ya qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyi tərəfindən nağd şəkildə qəbul edilməsinə görə -vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər yeddi min manatdan on min manatadək miqdarda cərimə edilir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatlarına nağd şəkildə verilən və həmin təşkilatlar tərəfindən nağd şəkildə qəbul edilən iki yüz manatadək ianələrə bu maddənin qüvvəsi şamil edilmir.