Bu gün Bakıda “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyi (AHİM), Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu (İRZ) tərəfindən təşkil olunmuş “Kompüter cinayətkarlığı ilə mübarizədə Almaniya təcrübəsi” mövzusunda elmi-praktik seminar öz işinə başlamışdır.
İki gün davam edəcək və əsasən kompüter cinayətlərinin açılması sahəsində ixtisaslaşmış məhkəmə ekspertləri üçün nəzərdə tutulmuş seminarın keçirilməsində məqsəd kompüter texnologiyaları sahəsində baş verən cinayətlərin ekspertizası üzrə beynəlxalq metodologiyanın və müasir texnologiyaların öyrənilməsi, habelə respublikamızın bu sahədə fəaliyyət göstərən mütəxəssislərinin peşə bacarıqlarının inkişaf etdirilməsi və onların müvafiq biliklərinin artırılmasından ibarətdir.
Məruzəçilərin əsasən almaniyalı ekspertlərdən ibarət olduğu tədbirdə Azərbaycan Respublikasının müvafiq dövlət və qeyri-dövlət qurumlarının mütəxəssisləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Fuad Cavadov almaniyalı qonaqları və iştirakçıları salamlayaraq seminarın məhkəmə ekspertləri üçün əhəmiyyəti, bu sahədə qabaqcıl texnologiyaların öyrənilməsinin zəruriliyi, habelə məsələnin hüquqi aspektləri barədə məlumat verdi.
Salamlama nitqindən sonra çıxış üçün söz alan AHİM-nin sədri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, "2013"-cü ilin ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunmasının əhəmiyyətini və tədbirin qeyd olunan Sərəncamın tələbləri ilə uzlaşmasını qeyd etmişdir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini Tağı Eynullayev və İRZ Fondunun Azərbaycan üzrə əlaqələndiricisi Rəşad Hüseynli də tədbir iştirakçılarını salamlayaraq kibercinayətkarlıqla mübarizə sahəsində Almaniya təcrübəsinin öyrənilməsi ilə bağlı keçirilən bu tədbirin əhəmiyyətini vurğuladılar.
Seminarın birinci günündə almaniyalı mütəxəssislər, Almaniyanın Köln Torpaq Məhkəməsinin hakimi Jens Şiminovski "Kibercinayətkarlıq – təzahür formaları, kompüter cinayətkarlığı ilə mübarizədə beynəlxalq normalar, məsələnin Almaniya qanunvericiliyində tənzimlənməsi" və Köln Baş Polis İdarəsinin Kompüter Cinayətkarlığı Departamentinin baş komissarı Tomas Qraupeter "Almaniyada polisin kibercinayətkarlıq sahəsində ekspertiza fəaliyyəti" mövzularında, həmçinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin elmi-tədqiqat və metodiki iş şöbəsinin baş məsləhətçisi Yaşar Abdullayev “Kibercinayətkarlığın ictimai təhlükəliliyi, onunla mübarizənin cinayət-hüquqi və kriminoloji aspektləri” mövzularında çıxışlar etmişlər.
İnteraktiv formada aparılan seminarda mövzular ətrafında və hər iki ölkənin bu sahədəki təcrübəsi haqqında geniz müzakirələr və faydalı fikir mübadiləsi aparılmışdır.
Seminarın ikinci günü Almaniyanın Köln Torpaq Məhkəməsinin sədr müavini Kristian Şmitz-Yustenin “İnternet piratçılığı ilə mübarizənin metodları”, “Provayderin məsuliyyəti və informasiya azadlığı” və Jens Şiminovskinin “Qanunsuz gəlirlərin geri qaytarılması: məsələnin Almaniya və Avropa qanunvericiliyində tənzimlənməsi” mövzularında məruzələri dinləniləcəkdir.