Azərbaycanda «Dövlət maliyyə nəzarəti haqqında» yeni qanun hazırlanır. Bunu Maliyyə Nazirinin müavini, Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəhbəri Azər Bayramov bildirib. O deyib ki, hazırda bu istiqamətdə iş aparılır, bu sahədə yüksək təcrübəyə malik ölan Avropa ölkələrin təcrübəsi öyrənilir:
«İndi Avropa İttifaqı ölkələrində bu qanun tətbiqi prinsipləri, işlənməsi mexanizimləri barədə təkmil məlumatlar əldə edilib. Əldə olunmuş normativ baza, praktiki təbiqi barədə məlumatlar əsasında və yaxın zamanlarda maliyyə nəzarəti haqqında çərçivə qanunu hazırlayaraq qanunvericilik orqanlara təqdim edəcəyik. Hələlik layihənin ilkin mərhələsi hazırlanaraq müvafiq qurumlarla da müzakrələr aparılır. Azərbaycanın iqtisadi imkanlarını nəzərə alaraq "Dövlət maliyyə nəzarəti haqqında" qanunvericilik təkmilləşdiriləcək».
A.Bayramov bu qanun layihəsində bütövlükdə Avropa ölkələrinin də təcrübəsinin tətbiqinin mükünsüz olduğunu vurğulayıb və söyləyib ki, Avropanın hər ölkəsinin bu sahədə müxtəlif qanunvericilik bazası və xüsusiyyətləri mövcuddur.
Məsələ ilə bağlı fikirlərini bölüşən Auditorlar Palatasının sədri Vahid Novruzovun sözlərinə görə, son dövrlərdə dövlət maliyyə nəzarətinin cəmiyyətin həyatında rolunun durmadan artması çirkli pulların leqallaşdırılması ilə mübarizədə özünü büruzə verir:
«Dünya təcrübəsi göstərir ki, çirkli pulların yuyulmasının qarşısının alınması və bu istiqamətdə beynəlxalq səviyyədə fırıldaqçılıq hallarına qarşı mübarizədə maliyyə nəzarəti və müstəqil auditin birgə strategiya və taktikasının işlənib hazırlanması nəzarətin bu mühüm qolları arasında qarşılıqlı əlaqənin səmərəli qurulmasından çox asılıdır. Son dövrlərdə bu istiqamətdə ölkədə sistemli və təsirli tədbirlərin həyata keçirilməsinə baxmayaraq bir sıra ciddi problemlər hələ də qalmaqdadır ki, bu da, öz növbəsində, maliyyə nəzarətinin təkmilləşdirilməsi konsepsiyasında öz həllini tapmalıdır. Bizim fikrimizcə, çox sahəli bir sistemi özündə ehtiva edən maliyyə nəzarətinin ayrı-ayrı istiqamətlərini təkmilləşdirməkdən öncə ölkəmizdə maliyyə nəzarəti üzrə vahid konsepsiya işlənib hazırlanmalıdır. Bu konsepsiyada maliyyə nəzarətinin nəticəliliyinin, şəffaflığının və aşkarlığının, obyektivliyinin və səriştəliliyinin, müstəqilliyinin və təsirliliyinin, iqtisadi inkişafa və təhlükəsizliyə təminatının əsas istiqamətləri, maliyyə nəzarətinin hüdudları, forma və metodları, nəzarət qurumlarının hüquqi statusu, maliyyə nəzarəti orqanları ilə digər dövlət idarəetmə orqanlarının əlaqələrinin təkmilləşdirilməsi, maliyyə nəzarəti sahəsində maraqların toqquşmasının qarşısının alınması, habelə nəzarət qurumlarının fəaliyyətinin iqtisadi mexanizmləri müəyyən edilməlidir».
Qurum rəhbəri qeyd edir ki, maliyyə nəzarəti sisteminin təşkili üzrə bir sıra istiqamətlər Konsepsiyada öz həllini tapmalıdır: «Maliyyə nəzarətinin effektivlik meyarları hazırlanmalı və tətbiq edilməlidir. Maliyyə nəzarətində daha geniş əhatəliliyi təmin etmək məqsədilə mütərəqqi seçmə prosedurlarından istifadə edilə bilər. Maliyyə nəzarətinin keyfiyyətinin yüksəldilməli, eyni zamanda təsirliliyi təmin olunmalıdır. Bu zaman nəticəyə istiqamətləndirilmiş büdcələşdirmə və səmərəlilik audit genişləndirilməlidir.
Maliyyə nəzarəti orqanlarının Koordinasiya Şurasının yaradılmalıdır. Həmçinin nəzarət orqanlarının hesabatlılığı təkmilləşdirilməlidir».
O deyir ki, müasir şəraitdə nəzarət-maliyyə mexanizminin təşkilinin ən vacib problemləridən biri müstəqil audit institutu ilə dövlət maliyyə nəzarəti arasında qarşılıqlı əlaqənin qurulması və onun beynəlxalq təcrübəyə əsasən təşkilinin təmin edilməsidir.