BHM Hüquq Şirkəti MMC
en az

Azərbaycanda kredit tarixçələri barədə məlumatların alınması qaydaları dəyişdirilib

11.04.2013

Azərbaycanda hüquqi və fiziki şəxslərin kredit tarixçələri barədə məlumatların toplandığı Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumatlarından istifadə qaydaları dəyişdirilir.

«APA-Economics»in məlumatına görə, Azərbaycan Mərkəzi Bankı «Mərkəzləşdirilmiş Kredit Reyestrinin aparılması və istifadəsi Qaydaları»nı təsdiqləyib. Bu qaydaların təsdiqlənməsi ilə əlaqədar olaraq əvvəlki qaydalar qüvvəsini itirib.

Yeni qaydalarda nəzərdə tutulan ciddi dəyişikliklərdən biri banklar və bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən reyestrə edilən sorğuların qiymətinin ikiqat aşağı salınmasıdır. Belə ki, banklar və BOKT-ların kredit almaq üçün müraciət etmiş potensial borcalanlar barədə MKR-ə etdiyi sorğuların qiyməti 2 manatdan 1 manata endirilib. Digər maraqlı yenilik potensial borcalanlar haqda məlumatların alınması üçün borcalanların razılığının təsdiqi forması ilə bağlıdır (bu təsdiq vasitəsilə potensial borcalan banka və ya BOKT-a icazə verir ki, MKR-dən onun kredit tarixçəsi barədə məlumat alsın). İndiyədək razılıq alınması banklarda müxtəlif formada həyata keçirilib, bəzi banklar özləri belə bir forma tətbiq edib, digərlərində isə bu razılıq kredit sifarişi və ya müqaviləsi ilə birlikdə imzalanıb.

Yeni qaydalara əsasən, borcalanların razılığı üçün standart forma tətbiq olunacaq. Yalnız bu sənəd borcalan tərəfindən imzalanandan sonra bank və kredit təşkilatları MKR-ə həmin şəxsin kredit tarixçəsi barədə məlumat istəyə biləcəklər. Lakin, bu yalnız potensial borcalanlara aiddir, belə ki, kredit müqaviləsi müddətində təkrar sorğular üçün borcalanın razılığı tələb olunmur.

Digər mühüm yenilik bilavasitə kredit tarixçəsinin formalaşmasına, yəni gecikmə hallarının müəyyən edilməsinə aiddir. Belə ki, əgər bu vaxta qədər MKR-də hər bir borcalanın son hesabat tarixinə olan gecikmə günləri görünürdüsə, yeni qaydalara əsasən, borcalanın son 24 ay ərzindəki bütün gecikmələri əksini tapacaq. Başqa sözlə, borcalanların tarixçəsi daha dərindən araşdırılacaq.

Yeni qaydaların maraqlı məqamlarından biri də borcalanların öz kredit tarixçələri barədə məlumat alması imkanlarının genişləndirilməsi və asanlaşdırılmasıdır. Belə ki, qaydalarda məlumat subyektlərinin özləri barədə distant sorğu etmək imkanı yaradılıb. Əgər indiyədək hər hansı şəxs özünə aid məlumatları almaq üçün hökmən AMB-ə gəlməli idisə, indi buna ehtiyac qalmayıb, yeni qaydalara görə, bu məlumatları artıq AMB-nin regional mərkəzlərində, yəni ərazi idarələrində də almaq olar.

Digər tərəfdən fiziki və hüquqi şəxslər özləri haqqında MKR-də olan məlumatları AMB və onun ərazi idarələrinə getmədən də, sadəcə sorğu verməklə ala bilər. Bunun üçün o, distant sorğu müraciəti formasını notarial qaydada təsdiq etdirməli və poçt vasitəsilə MKR xidmətinə göndərməlidir. Cavab məktubu müraciətdə qeyd edilən ünvana poçt vasitəsilə göndəriləcək.

Nəhayət, yeni qaydalara əsasən, MKR-də elektron imzanın tətbiqi mümkün olub. Elektron imza almış hər bir şəxs reyestrə elektron sorğu verə bilər və cavabını da elektron formada ala biləcək.



Mənbə: http://az.apa.az/news/294408