BHM Hüquq Şirkəti MMC
en az

Yeni ipoteka proqramının layihəsi hazırlanıb

30.04.2013

 

İpoteka qaydalarında dəyişiklik haqqında sənədlər və yeni ipoteka proqramı ilə bağlı layihə üzərində işlər artıq yekunlaşıb. Bu barədə Mərkəzi Bank (MB) açıqlama yayıb.

 

Bankdan bildiriblər ki, ipoteka kreditindən daha asan və kütləvi şəkildə istifadə olunması üçün bir sıra dəyişikliklər ediləcək. MB gənclərin köhnə mənzil fondu ilə yanaşı yeni tikililərdən ev almaq imkanlarının yaranacağına, bundan başqa ipoteka alarkən ilkin ödəniş məbləği və girov məsələsində də dəyişikliklər ediləcəyini vəd edir.

 

Təklif edilən yeni qaydalarla bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Nicat Hacızadə bildirib ki, Azərbaycanda ipoteka şərtləri əlverişli olmadığından dəyişikliklərin edilməsinə ehtiyac var. İSİM ekspertinin qəzetimizə daxil olan açıqlamasında qeyd olunur ki, 20%-lik ilkin ödəniş əhalinin gəlirlilik səviyyəsi ilə üst-üstə düşmür: “Hal-hazırda orta aylıq əmək haqqı 410 manata yaxındır, bu da  mənzil bazarında olan evlərin qiymətinə qoyulacaq ilkin ödəniş üçün yığım imkanlarını xeyli məhdudlaşdırır. İkincisi, adi və sosial ipotekalara qoyulan faizlər yüksək olaraq qalmaqdadır. Adi ipoteka 8%, sosial isə 4%-dir. Həmçinin sənədlərin sayının 18-ə çatması kreditin vaxtının uzanmasına təsir edir ki, qeyd edilən bu hallar heç də asan və kütləviliyə yol açmır. Əgər biz bu ipoteka şərtlərinin asanlaşmasını istəyiriksə, faizləri dünya praktikasına uyğunlaşdırmalıyıq və adi ipoteka kreditlərinin 4%-ə, sosial kreditrlərin isə 2%-ə düşməsi məqsədəuyğundur. Sənədlərin sayı azalmalıdır, çox təəssüf edici halıdır ki, bu məsələdə Azərbaycan dünyada birinci yerdədir.

 

MB-nin açıqlamasına  görə, bu qanun qəbul edildikdən sonra  ipoteka kreditləri üzrə digər bir model - alman modeli tətbiq ediləcək. Hazırda mövcud ipoteka modelinin təkmilləşdirilməsinə ciddi ehtiyac duyulur. Yeni modeldə isə əhalinin əmanətlərinin yığımları vasitəsi ilə ipotekanın verilməsi sistemi yaradılacaq”.

 

İpoteka alarkən ilkin ödəniş məbləğində dəyişiklikləri şərh edən iqtisadçı bildirib ki, bu məsələ ilə bağlı Mənzil Tikinti Banklarının yaradılması təklif olunmuşdur ki, bu da çox müsbət haldır: “Əgər bu bank yaransa, ilkin ödənişi verə bilməyən subay və ailəli gənclər bundan maksimum yararlana bilərlər, həmçinin bu tikinti sahəsinin inkişafına da təkan yaradacaq”.

 

Mənbə: http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=48790