Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 373.2 və 384.0.4-cü maddələrinin şərh olunması ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsindən verilən məlumata görə, Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək Mülki Məcəllənin qeyd olunan maddələrinin şərh olunmasını xahiş edib.
Məhkəmənin qərarında qeyd olunur ki, “Azəriqazbank” Açıq Səhmdar Cəmiyyətinin İ.Abdinov və Ə.Nəzərova qarşı 10 sentyabr 2007-ci il tarixində bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş 10.000 ABŞ dolları məbləğində əsas borc, 12.310,32 ABŞ dolları məbləğində faiz borcu, 8.939,50 ABŞ dolları məbləğində cərimə (dəbbə pulu), cəmi 31.249,82 ABŞ dolları məbləğində iddia tələbi Bakı şəhəri Yasamal rayon məhkəməsinin 11 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada 23.203 ABŞ dolları 32 sent (ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində borcun Bankın xeyrinə tutulması qət edilmişdir.
Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmişdir ki, “Azəriqazbank” ASC ilə Ə.Nəzərov arasında 10 avqust 2007-ci il tarixində bağlanmış kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 26 faiz hesablanmaqla 10.000 ABŞ dolları məbləğində kredit verilmiş və bu müqavilənin təminatı kimi İ.Abdinovla zaminlik müqaviləsi bağlanmışdır.
Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən borc alan həmin müqavilənin 1 saylı əlavəsində göstərilmiş cədvələ uyğunolaraq 10 avqust 2009-cu il tarixinə qədər bitməli olan kredit borcu üzrə hər hansı bir ödəmə etməmişdir. Cavabdehlərin qənaətinə görə iddiaçı onlara qarşı vaxtında tələb irəli sürmədiyindən iş üzrə iddia müddəti buraxılmış, onların bu barədə verdikləri ərizələr isə birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır.
Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçının nümayəndəsi MM-in 384.0.4-cü maddəsini əsas gətirərək qeyd etmişdir ki, bu mübahisəyə ümumiyyətlə iddia müddəti şamil edilməməlidir.
Bakı Apellyasiya Məhkəməsi tərəflərin fərqli mövqeyini və bu kateqoriya işlər üzrə yekdil məhkəmə təcrübəsinin olmamasını nəzərə alaraq, MM-in 373.2 və 384.0.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.
Konstitusiya Məhkəməsinin bununla bağlı qəbul etdiyi qərarda göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.
Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
Qərara görə, Mülki Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.
The information contained in this website is provided only for informational purposes only, and should not be construed as legal advice on any matter. The receipt of information contained on this Web site, in whole or in part, or communication with BHM Law Firm via the Internet or e-mail through this website does not constitute or create a lawyer-client relationship between us and any recipient.
© 2024 Powered by BHM