Prezident İlham Əliyev tərəfindən iyulun 9-da imzalanmış “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 2 iyul Qanununun tətbiqi barədə fərmanında qanunun avqustun 1-dən tətbiqini təmin etmək məqsədi ilə hökumətə bir sıra tapşırıqlar verilib.
Nazirlər Kabinetinə 3 ay müddətində Azərbaycanda əmək miqrasiyası kvotasının formalaşdırılması prosesində şəffaflığın təmin edilməsi, işəgötürənlərin əcnəbi işçi qüvvəsinə olan tələbatı haqqında proqnoz-məlumatlarına baxılması prosedurunun müəyyən edilməsi tapşırılıb.
Fərmana əsasən Nazirlər Kabinetinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsi və saxlanılması qaydalarını müəyyən edən qanun layihəsini hazırlalayıb Prezidentə təqdim etməlidir.
Hökumət yetkinlik yaşına çatmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmasına, onlara Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin və Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsinə (müddətinin uzadılmasına) görə dövlət rüsumunun daha aşağı məbləğləri barədə təkliflər hazırlamalıdır.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin etibarlılıq müddətindən asılı olaraq, həmin icazənin verilməsinə görə dövlət rüsumunun fərqli məbləğləri barədə təkliflər hazırlamaq, turistlər üçün elektron viza almaq hüququ olan Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi qaydasını təsdiq etmək də fərmanla hökumətə həvalə edilib.
Miqrasiya Məcəlləsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi müvafiq icra hakimiyyəti orqanlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılacaq.
Prezident Məcəllənin bu maddəsinə uyğun olaraq Dövlət Miqrasiya Xidməti, Ədliyyə Nazirliyi və Təhsil Nazirliyinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üçün birgə komissiya yaratmaq, həmin komissiyanın fəaliyyət qaydasını təsdiq etmək üçün həmin qurumlara 1 ay vaxt verib.
Mənbə: http://azertag.com/node/1114734
The information contained in this website is provided only for informational purposes only, and should not be construed as legal advice on any matter. The receipt of information contained on this Web site, in whole or in part, or communication with BHM Law Firm via the Internet or e-mail through this website does not constitute or create a lawyer-client relationship between us and any recipient.
© 2024 Powered by BHM