BHM Hüquq Şirkəti MMC
en az

Azərbaycan geni dəyişdirilmiş məhsullara nəzarəti gücləndirir

20.09.2013

Milli Məclisin Aqrar siyasət komitəsi ilk iclasını keçirib. APA TV xəbər verir ki, komitə sədri Eldar İbrahimov 2013-cü il yaz və növbədənkənar sessiyalar dövründəki hesabatı açıqlayıb.

Belə ki, Komitənin üzvü olan millət vəkilləri Prezident Administrasiyası tərəfindən baxılmağa göndərilmiş 6 qanuna dəyişikliklərin edilməsi ilə bağlı layihələr üzrə müzakirələr aparıblar. Bu sənədlər «Seleksiya nailiyyətləri haqqında», «Toxumçuluq haqqında», «Yeyinti məhsulları haqqında», «Üzümçülük və şərabçılıq haqqında», «Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında» və «Ekoloji təmiz kənd təsərrüfatı haqqında» qanunlara dəyişikliklərin edilməsini nəzərdə tutur. 

Aqrar siyasət Komitəsinin sədri Eldar İbrahimov bildirib ki, son zamanlar Azərbaycanda geni modifikasiya edilmiş (QMO) məhsulların sayı artıb: «Bu qanunların qəbulu ölkəyə gətiriləcək geni dəyişdirilmiş məhsulların qarşısını almağa kömək edəcək və geni dəyişdirilmiş məhsullarla mübarizəni daha da gücləndirəcək». İclasda çıxış edən komitə sədrinin müavini Eldar Quliyev isəbildirib ki, 15 ildir genetik modifikasiya olunmuş məhsulların Azərbaycana gətirilməməsi üçün komitə olaraq mübarizə aparılır. Prezident Administrasiyasından daxil olan 6 qanuna dəyişiklikdə məhz bu nəzərdə tutulur.  Digər millət vəkili İqbal Məmmədov hesab edir ki, genetik modifikasiya olunmuş məhsulların əkilməsi ilə kəndlilər rəqabət apara bilmirlər. Belə ki, genetik modifikasiya olunmuş məhsullara qadağa kəndçilərə öz məhsullarını əkməyə və onların büdcəsinin artmasına səbəb olacaq.

Qeyd olunub ki, bu qanunların qəbulu ölkə vətəndaşlarının daha sağlam yaşaması və onların sağlamlığının qorunması üçün atılan növbəti addımdır.

Bu məqsədlə, qanunvericiliyə müvafiq dəyişikliklər ediləndən sonra Nazirlər Kabineti, Dövlət Gömrük Komitəsi və Kənd Təsərrüfatı Nazirliyinə tapşırıqlar veriləcək.

Komitə üzvləri qanun layihələrinin müzakirəsi zamanı xaricdən Azərbaycana gətirilən məhsullara nəzarətin gücləndirilməsini, bu məhsulların təyin edilməsi üçün avadanlıqların gətirilməsini və bununla bağlı yeni laboratoriyaların yaradılmasını vacib sayırlar.

Qeyd edək ki, qanunu pozan fiziki şəxslər üçün 3 min manat, vəzifəli şəxslər üçün 10 min manat, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə edilməsi nəzərdə tutulur.

Mənbə:  http://az.apa.az/news/314318