Statistikaya görə, ötən - 2012-ci ildə Azərbycanda 78 min 480 nikah qeydə alınıb. 11 min 182 nikah isə pozulub. Belə ki, onlardan 1932 nəfəri məhz xarici vətəndaşlarla nikah bağlayıblar. Ümumiyyətlə, son illər bunu göstərir ki, əcnəbilərlə bağlanan nikahların sayı xeyli artmışdır. Nikah bağlamış şəxslər arasında Türkiyə və İran vətəndaşları çoxluq təşkil edirlər.
Bununla bağlı, Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Pərviz Zamanlı bildirir ki, ailə qanunvericiliyinə əsasən, Azərbaycan Respublikasında nikahın bağlanmasının forma və qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının ərazisində əcnəbi şəxs üçün nikahın bağlanma şərtləri onun ölkəsinin qanunvericiliyi ilə və Ailə Məcəllənin 12-ci maddəsindəki tələblərə əməl olunmaqla müəyyən edilir. Belə ki, Ailə Məcəlləsinin 12-ci maddəsində nikahın bağlanmasına mane olan hallar göstərilmişdir. Bu hallara görə, yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar; övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanılmasına yol verilmir.
"Əgər, nikah bağlayan şəxsin vətəndaşlığı yoxdursa, nikahın bağlanması şərtləri onun daimi yaşadığı ölkənin qanunvericiliyi ilə müəyyən edilir", deyə hüquqşünas qeyd edib.
Pərviz Zamanlı deyir ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşları arasında nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində bağlanır. Eyni zamanda, xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində əcnəbilər arasında bağlanan nikah Azərbaycan Respublikasında etibarlı hesab edilir.
"Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah o zaman Azərbaycan Respublikasında etibarlı hesab olunur ki, bağlanmış nikahda yuxarıda göstərilmiş nikahın bağlanmasında yol verməyən hallar mövcud olmasın." , hüquqşünas vurğulayıb.
O, deyib ki, xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşının (vətəndaşlarının) nikahın qeydə alınması üçün aşağıdakı sənədlər Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına (konsulluqlara) təqdim edilməlidir:
1. nikaha daxil olan şəxslərin yazılı razılığı;
2. nikaha daxil olan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;
3. xarici ölkədə daimi və ya müvəqqəti yaşamasını təsdiq edən sənəd;
4. subaylıq haqqında arayış;
5. dövlət rüsumunun ödənilməsi barədə qəbz
6. əvvəllər nikahda olmuş şəxslər - nikahın pozulması haqqında şəhadətnamə (surəti) və ya ərinin (arvadının) ölümü haqqında şəhadətnamə (surəti), yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarış (yalnız əvvəllər nikahda olmuş şəxslər).
Həmçinin, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları tərəfindən nikahın qeydə alınması ilə əlaqədar aşağıdakı sənədlərin nümunəsi əlavə olunmalıdır:
1. Nikahın qeydə alınması və nikah haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğuna ünvanlanan ərizə nümunəsi;
2. Nikah haqqında akt qeydinin nümunəsi;
3. Nikah haqqında şəhadətnamənin nümunəsi;
4. Nikah haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsi barədə ərizənin nümunəsi.
Nikah konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə bu barədə ərizə verildiyi gündən 1 aydan tez olmayaraq bağlanır.
Aşağıdakı göstərilən üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti konsulluq tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər:
1) təcili olaraq uzunmüddətli ezamiyyətə getmə;
2) daimi yaşamaq üçün başqa yerə köçmə;
3) birgə uşaqların olması;
4) nikaha daxil olmaq istəyən qadının hamilə olması;
5) evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi;
6) hərbi xidmətə çağırılma;
7) digər hallarda.
Yuxarıda göstərilən hallar müvafiq sənədlərin (ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s) konsulluğa təqdim edilməsi ilə təsdiq edilməlidir.
Hüquqşünas qeyd edib ki, xüsusi hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması və ya digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.
Bir halı da xüsusilə qeyd etmək önəmlidir ki, ər-arvadın hüquq və vəzifələri konsulluq tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.
"Konsulluqlar nikahın bağlanmasının qeydə alınmasından imtina edə bilər və bu barədə ərizə ilə müraciət etmiş şəxsə (şəxslərə) yazılı formada bildirilməlidir. Konsulluq nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər və ya onlardan biri inzibati qaydada yuxarı orqana və məhkəməyə şikayət edə bilərlər " , deyə hüquqşünas Zamanlı söyləyib.
Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikası vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında, eləcə də Azərbaycan Respublikasının vətəndaşları arasında bağlanan nikahın Azərbaycan Respublikasında pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Həmçinin hüquqşünas vurğulayıb ki, Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasından kənarda yaşayan əri (arvadı) ilə bağladığı nikahı onun vətəndaşlığından asılı olmayaraq Azərbaycan Respublikasının məhkəmələrində poza bilər. Əgər ər-arvadın o birgə nikahdan yetkinlik yaşına çatmayan övladları və aralarında əmlak mübahisələri yoxdursa, hər iksinin yazılı razılığı əsasında nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində də pozula bilər. Ər-arvadın yetkinlik yaşına çatmayan öladlarının olmasından asılı olmayaraq ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə və ya ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildiyi hallarda da nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində pozula bilər.