BHM Hüquq Şirkəti MMC
en az

Övladların valideynlərinə baxmaq vəzifəsi

18.10.2013

Valideynlərin uşaqlarını saxlamaq üçün aliment ödəmək vəzifəsi olduğu kimi, yetkinlik yaşına çatmış övladların da valideynlərini saxlamaq vəzifəsi  var.


Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi vəkil Dünyamin Novruzov bildirib ki, Ailə Məcəlləsində əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borclu olduqları təsbit olunub.


Vəkil deyir ki, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur.


“Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Alimentin miqdarı müəyyən olunarkən aliment tələbi valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verilməsindən asılı olmayaraq məhkəmə onların hamısını nəzərə ala bilər”, Novruzov deyib.


Vəkilin sözlərinə görə, valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Uşaqlar, həmçinin valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər.


Novruzov bildirib ki, yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər.


“Uşaqların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla müəyyən edilir”, o deyib.


Vəkil qeyd edib ki, əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı tərəflərin bağladığı sazişlə də müəyyən oluna bilər.


“ Aliment ödənilməsi barədə saziş üzrə ödənilən alimentin miqdarı və ödənilməsi qaydası və üsulları tərəflərinin razılığı ilə müəyyən olunur”, hüquq məsləhətçisi deyib.


Müəyyən olunmuş aliment  aliment ödəməli olan şəxsin qazancından və digər gəlirlərindən tutulur. Qazanc və digər gəlirlər çatışmadıqda aliment onu ödəməli olan şəxsin bankdakı və s. kredit idarələrindəki hesabında olan pul vəsaitindən, eləcə də mülkiyyət hüququnun başqasına verilməsinə səbəb olan müqavilələr istisna olmaqla, müqavilə əsasında kommersiya və qeyri-kommersiya təşkilatlarına verilən pul vəsaitindən tutulur. Bu vəsaitlər çatışmadıqda isə tələb aliment ödəməli olan şəxsin qanunla tələb yönəldilə bilən başqa əmlakına yönəldilə bilər.


Aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda aliment öhdəliklərinə xitam verilir.