Bu gün (24 oktyabr 2013-cü il) Bakıda "Four seasons" otelində Dubay İqtisadi İnkişaf Agentliyinin təşkilatçılığı ilə "Azərbaycanda biznes imkanları" ("Doing Business in Azerbaijan" mövzusunda tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi xarici investorların, xüsusilə də Birləşmiş Ərəb Əmirliklərindən olan biznesmenlərin Azərbaycanda olan biznes mühiti barədə məlumatlandırılması olub. Azərbaycanda sahibkarlıq mövcud vergi siyasəti, biznes mühiti üçün mövcud olan hüquqi aspektlər(şərait), malların ölkəmizə daşınması yolları və bu malların etiketi, firma nişanı və qablaşdırılması ilə bağlı məsələlər və s. müzakirə olunmuşdur. Tədbirdə Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasınınprezidenti Məmməd Musayev, Azərbaycanda ixracın və investisiyaların Təşfiqi fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov, Vergilər NazirliyininVergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin Strateji araşdırmalar idarəsinin rəisi İmran Qarayev, Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquqşünasları Gülşən Həsənova və Mətin Əsgər, Beynəlxalq Meriteks Kaspian Freyt Servises (Meritex İnternational Caspian Freight Services) şirkətinin əməkdaşı Yeva Novikova, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşı İlqar Tamrazov və "PeopleBrand" agentliyinin əməkdaşı Emin Quluzadə çıxış etmişlər.
Birinci olaraq çıxış edən Azərbaycanda ixracın və investisiyaların Təşfiqi fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov Azərbaycanın 90-cı illərdə müstəqillik qazandıqdan sonra sahibkarlıq fəaliyyətinin ölkəmizdə durmadan inkişafını qeyd etdi. "Xüsusən son zamanlarda yaradılan biznes mühiti xarici investorlar üçün çox əlverişlidir" –deyə o qeyd edib. Rüfət Məmmədov bildirib ki, o, ümid edir ki, bu tədbirdən sonra onsuzda Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında olan biznes münasibətləri daha da inkişaf edəcək.
Daha sonra söz Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasınınprezidenti Məmməd Musayeva verildi. Məmməd Musayev çıxışında dövlətin son zamanlar yeritdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən birinin də iqtisadiyyatda qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi olduğunu bildirdi. Xarici biznesmenlər üçün ölkəmizdə olan əlverişli biznes şəraiti barədə məlumatlar verən, Məmməd Musayev, istənilən vaxt onun rəhbərlik etdiyi təşkilatın əcnəbi investorlara yardım üçün hazır olduğu bəyan edib.
Azərbaycan biznes mühitində mövcud olan hüquqi şərait barədə Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquqşünasları Gülşən Həsənova və Mətin Əsgər maraqlı prezentasiya ilə çıxış etdilər.Bakı Hüquq Mərkəzinin hüquqşünasları Azərbaycana investisiya qoyuluşunun üstünlükləri, Azərbaycanın biznes imkanları baxımından digər ölkələrlə müqayisəsi, ölkədəki biznes mühiti, investisiya fəaliyyəti, xarici investisiyanın qorunması, ölkədə biznesin yaradılması və onun hüquqi-təşkilati formaları, ölkəmizdə tətbiq olunan vergilər və gömrük məsələləri barədə tədbirdə iştirak edən xarici investorlara ətraflı məlumat vermişlər. Çıxış tədbir iştirakçılarının böyük marağına səbəb olmuş və sual-cavabla davam etdirilmişdir. İştirakçıların çoxsaylı sualları cavablandırılmışdır.
Daha sonra çıxış edən NazirliyininVergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin Strateji araşdırmalar idarəsinin rəisi İmran Qarayev, ölkəmizdə sahibkarlıq fəaliyyətinin genişlənməsi və yeni iş yerlərinin açılmasını Azərbaycanda həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri olduğunu bildirmişdir. "Dövlətin sosial-iqtisadi siyasəti nəticəsində, Azərbaycan, makro-iqtisadi göstəricilərə görə dünyanın ən qabaqçıl ölkələrindən biridir" –deyə idarə rəisi bildirib. İmran Qarayev , xüsusi olaraq, son zamanlarda yaradılan "Vahid pəncərə" rejiminin vergi ödəyicilərinin işlərini necə asanlaşdırdığının önəmini vurğulayıb.
Azərbaycanda olan iqtisadi-biznes mühiti və ümumiyyətlə ölkəmiz haqqında olan ümumi, gərəkli məsələlər barədə Birləşmiş ərəb Əmirliklərindən olan iş adamlarına ətraflı məlumatlar verildi, onları maraqlandıran çox saylıq suallara cavablar verildi.