Mülkiyyət hüququ ilə bağlı ölkəmizdə ən geniş yayılan problemlərdən biri özbaşına tikintinin aparılması nəticəsində həmin özbaşına tikintiyə mülkiyyət hüququnun əldə edilməsidir.
Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Tahir Əliyev bildirir ki, özbaşına tikinti, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak sayılır.
Hüquqşünas qeyd edir ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
Lakin, özbaşına tikinti aparmış şəxs Mülki Məcəllənin müəyyən etdiyi tələblər daxilində həmin tikintiyə dair mülkiyyət hüququ əldə edə bilər.
"Mülki Məcəllənin tələblərinə əsasən, yalnız məhkəmə yolu ilə özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilər. Özbaşına tikintiyə mülkiyyət hüququnun əldə edilməsi üçün bu, ilkin şərtdir. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Mülki Məcəllənin bu tələbi ikinci əsas şərtdir. Sonuncu şərt isə, həmin tikintinin saxlanması digər şəxslərin hüquqları və qanunla qorunan mənafelərini pozmaması və ya fiziki şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükə yaratmamasıdır." deyə hüquqşünas vurğulayıb.
Hüquq məsləhətçisi qeyd edir ki, göründüyü kimi, özbaşına tikinti aparmış şəxs həmin tikintiyə mülkiyyət hüququ əldə etmək üçün ilk öncə məhkəməyə müraciət etməli, məhkəmə tikinti aparılmış torpaq sahəsinin həmin şəxsin mükiyyətində olmasını və digər şəxslərin hüquqları və qanunla qorunan mənafelərini pozmamasını və ya fiziki şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükə yaratmamasını araşdırmalıdır.
Bakı Hüquq Mərkəzinin hüquqşünası Tahir Əliyev, yalnız göstərilən şərtlər daxilində şəxs özbaşına tikintiyə mülkiyyət hüququ əldə edə biləcəyini söyləyib..
Sonda hüquqşünas qeyd edib ki, özbaşına tikintinin sökülməsi ilə bağlı problemlər də öz aktuallığını qoruyur. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
The information contained in this website is provided only for informational purposes only, and should not be construed as legal advice on any matter. The receipt of information contained on this Web site, in whole or in part, or communication with BHM Law Firm via the Internet or e-mail through this website does not constitute or create a lawyer-client relationship between us and any recipient.
© 2024 Powered by BHM