Heç birimiz tutulmadan, həbs olunmaqdan sığortalanmamışıq. Bəs bu hallarda hansı hüquqlarımızın olduğunu bilirikmi? Biz cinayətkar adlandırıla bilərikmi? Qanun bizi necə müdafiə edir? Bu suallara “Azərbaycan Hüquq İslahatları Mərkəzi” ictimai birliyinin sədri, AR Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov aydınlıq gətirib.
Vəkil bildirib ki, Azərbaycan Konstitusiyası ilə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ təsbit olunub. Yəni cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta vetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr olduğu halda, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. . İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
“Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr olsa da, onun təqsirli bilinməsinə yol verilmir.” –deyə Anar Bağırov qeyd edib.
Anar Bağırov bildirib ki, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Konstitusiyaya əsasən, səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində ittiham etdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilməli və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilməlidir.
“Cinayət-prosessual qanunvericiliyin tələbinə əsasən, cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Belə ki, cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirmək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etməlidir. Tutulma faktı qeydə alınmalı və protokollaşdırılmalı,bu barədə təhqiqat orqanının rəhbərinə və prokurora məlumat verilməlidir” deyə, vəkil bildirib.
Bundan başqa, A.Bağırov bildirib ki, tutulmadan dərhal sonra şəxsin tutulması barədə ailəsinə xəbər vermək hüququ təmin edilməli, şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaradılmalı, şəxsin öz vəkili olmadıqda seçdiyi vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaradılmalıdır. Şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, o dövlət hesabına vəkillə təmin olunmalıdır. Tutulmuş şəxs vəkildən imtina etdikdə, bu barədə onun yazılı ərizəsi alınmalıdır.
Vəkilin sözlərinə görə, cinayət prosesini həyata keçirən orqan müəyyən edilmiş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin qanuni nümayəndəsini işə cəlb etməlidir. Cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisinin və qanuni nümayəndəsinin iştirak etməsi bu şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarını məhdudlaşdıra bilməz. Şübhəli və ya təqsirləndirilən şəxs ifadə verməyə, cinayət prosesini həyata keçirən orqana hər hansı materiallar təqdim etməyə və onlara hər hansı yardım göstərməyə məcbur edilə bilməz.
“Tutulmuş şəxslə davranışda onun şəxsiyyəti və ləyaqəti alçaldılmamalı, qadınlara, yetkinlik yaşına çatmayanlara, qocalara, xəstələrə və əlillərə isə xüsusi diqqət yetirilməlidir” , A.Bağırov vurğulayıb.
Əgər tutulan, təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilmirsə, onun tərcüməçinin xidmətindən pulsuz istifadə etmək hüququ təmin edilməlidir.
Şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi barədə şübhələr təsdiq edilmədikdə, şəxsi gələcəkdə həbsdə saxlamaq üçün zərurət olmadıqda tutulmuş şəxs cinayət prosesini həyata keçirən orqan tərəfindən azad edilməlidir.
Sonda Anar Bağırov bildirib ki, cinayətin törədilməsində şübhəli şəxs kimi tutulmuş və şübhə təsdiq olunmadığına görə azad olunmuş şəxs həmin şübhəyə görə yenidən tutula bilməz.