BHM Hüquq Şirkəti MMC
en az

Fiziki şəxslərin əmək müqaviləsi olmadan işə götürülməsinə görə cərimələr artırıldı

27.12.2013

Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə cərimələr artırıldı.

Trend-in məlumatına görə, bununla Milli Məclisin dekabrın 27-də keçirilən iclasında İnzibati Xətalar və Vergilər məcəllələrinə dəyişikliklər edilib.

İnzibati Xətalar Məcəlləsinə 53.1-ci maddəsinə əsasən, nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.

Vergi Məcəlləsinin 58.10-cu maddəsinə edilən dəyişikliyə əsasən isə, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Hər iki dəyişikliklərlə bağlı qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Mənbə: http://az.trend.az/news/society/2225763.html