Azərbaycanda bir çox vətəndaşlar işsiz olsalar da, işsizlik müavinəti almır. Səbəb isə onların bir çoxunun işsiz statusundan xəbərsizliyidir. Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi vəkil Pərviz Zamanlı bu yazıda işsiz statusu və işsizlik müavinəti ilə bağlı məlumat verir.
Vəkil bildirib ki, bu sahədəki münasibətlər “Məşğulluq haqqında” qanunla və Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli qərarı ilə təsdiq olunmuş “İşsizlik müavinətinin hesablanması və verilməsi qaydaları” ilə tənzimlənir.
Hüquq məsləhətçisi bildirib ki, işsiz vətəndaş işi və qazancı olmayan, işə başlamağa hazır olub, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli orqanlarında işaxtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir.
Vətəndaş yaşadığı ərazi üzrə Baş Məğulluq İdarəsi və onun yerli orqanlarına şəxsiyyətini təsdiq edən sənədi, əmək kitabçasını, peşə və ya ixtisasını təsdiq edən sənədi şəxsən təqdim etdikdən sonra işaxtaran kimi qeydiyyata alınır. İlk dəfə işaxtaranlar şəxsiyyəti təsdiq edən və təhsil haqqında (zəruri hallarda) sənədləri təqdim edirlər. İşaxtaran kimi qeydiyyata alınmış vətəndaş sadalanan sənədləri təqdim etdiyi andan ona münasib iş təklif olunmadığı halda, Baş Məğulluq İdarəsi və onun yerli orqanaları 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi haqqında qərar qəbul edir.
Vətəndaş qeyd edilən sənədlərdən əlavə aşağıdakı sənədləri də təqdim etməlidir:
- pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiya istisna olmaqla), yaşa görə və əlilliyə görə sosial müavinət almaması haqqında arayış;
-yaşayış yeri üzrə vergi orqanlarından fərdi qaydada sahibkarlıqla məşğul olmaması haqqında arayış;
-yerli icra hakimiyyətinin ərazi üzrə nümayəndəliyindən mülkiyyətində torpaq payı olmaması haqqında arayış;
-himayəsində olan 18 yaşına çatmamış uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;
qeydiyyata alındıqdan əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olanlar üçün axırıncı iş yerindən son 12 ay üzrə əmək haqqı barədə arayış.
Vəkil Zamanlının sözlərinə görə, işsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından (şəhər (rayon) Məşğulluq Mərkəzlərində işaxtaran kimi qeydiyyata alındığı gündən) əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən çox müddətdə haqqı ödənilən işə malik olduqda onların işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay ərzində hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində müəyyən edilir. Orta aylıq qazanca əsasən təyin olunmuş müavinətin məbləği müavinət təyin olunan dövr üçün respublika üzrə müəyyən edilmiş orta aylıq əmək haqqının məbləğindən çox, təsdiq olunmuş müavinətin minimum məbləğindən az ola bilməz. Əgər vətəndaş axırıncı iş yerində 12 aydan az işləyibsə onun işsizlik müavinəti təsdiq olunmuş müavinətin minimum məbləğində müəyyən edilir. İşsiz statusu müəyyən olunan vaxtdan 12 ay keçdikdən sonra vətəndaş münasib işlə təmin olunmayıbsa, onun təkrarən müavinət almaq hüququ vardır. Təkrar müavinət təsdiq olunmuş müavinətin minimum məbləğində müəyyən olunur.
Hüquqşünas deyib ki, işsizin himayəsində 18 yaşına çatmamış uşağı olduqda işsizlikmüaviəntininməbləğihər bir uşaq üçün müavinətin 10 faizi məbləğində, lakin 50 faizindən çox olmamaq şərti ilə artırılır.
Vətəndaşlara işsizlik müavinətləri qeydiyyatda olduğu şəhər, rayon məşğulluq mərkəzləri tərəfindən nağd və ya banklar (işsiz vətəndaşların arzusu ilə) vasitəsilə ödənilir. Bu müavinət işsizin şəhər, rayon məşğulluq mərkəzində ayda bir dəfə yenidən qeydiyyata alınmaqla ödənilir.
Vəkilin sözlərinə görə muzdla işləyən, o cümlədən əmək müqaviləsi (kontraktı) müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar, sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər, qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edənlər, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, məzuniyyət, ixtisasartırma, tətil, istehsalatın dayandırılması və ya başqa səbəblərlə əlaqədar iş yerində müvəqqəti olmayanlar, ölkə ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, ölkə hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan ölkə vətəndaşları işsiz şəxslər hesab edilmir.
Həmçinin, “15 yaşına çatmayanlar, pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla) hüququ qazanmış vətəndaşlar, qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədi ilə üzrsüz səbəbdən şəhər, rayon məşğulluq mərkəzinə gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər (vətəndaşa eyni iş təkrarən təklif oluna bilməz), ilk dəfə iş axtaranlar, azadlıqdan məhrumetmə cəzasını çəkənlər, işsiz statusu almaq hüququna malik deyillər.
İşsiz vətəndaş işsizlik müavinətini qanunsuz sənədlər təqdim etmək yolu ilə aldıqda, işsiz vətəndaş işsizlik müavinətini aldığı dövrdə işə düzəldikdə, sahibkarlıq və ya fərdi əmək fəaliyyəti ilə məşğul olduqda, mülkiyyətində torpaq payı olduqda, pensiyaya çıxdıqda (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla) artıq ödənilmiş işsizlik müavinəti qanunvericiliklə müəyyən olunmuş qaydada geri alınır.