BHM Hüquq Şirkəti MMC
en az

“2015-Bakı Avropa Oyunları” hüquqşünasların nəzəri ilə

30.04.2014

Bu gün (30 aprel) Bakıda “Qafqaz Point” otelində Azərbaycan Hüquqşünasları Konfederasiyası və Britaniya-Azərbaycan Hüquqşünaslar Assosiasiyasının, Böyük Britaniya və Uels Hüquqşünaslar Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Layihələrə imkanlar üzrə çağırış: Hüquqi baza üzrə naviqasiya” mövzusunda beynəlxalq konfrans keçirilir.

 

Tədbirdə ilk olaraq Azərbaycan Hüquqşünasları Konfederasiyasının Sədri, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin Sədri Əli Hüseynli, Böyük Britaniya və Uels Hüquqşünaslar Cəmiyyətinin Prezidenti Nikolas Flak, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Sədri, Milli Məclisin deputatı Azay Quliyev,  “Britaniya – Azərbaycan Hüquqşünaslar Assosiasiyası”-nın Sədri Adrian Hughes və “Britaniya – Azərbaycan Hüquqşünaslar Assosiasiyası”-nın sədr müavini Rəvan Məhərrəmov çıxış etmişlər

 

Daha sonra idman hüququ ilə bağlı “Bakı Hüquq Mərkəzi” (BHM) hüquq şirkətinin hüquqşünası Qumru Mehdiyeva prezentasiya ilə çıxış etmişdir. Prezentasiyada ilk dəfə ölkəmizdə keçiriləcək “2015- Bakı Avropa oyunlarının hüquqi bazası” mövzusu ilə bağlı maraqlı məqamlar tədbir iştirakçılarının nəzərinə çatdırıldı, böyük turnirə hazırlıqla bağlı video çarx nümayiş etdirildi. Prezentasiya konfrans iştirakçıları, xüsusilə də xarici qonaqlar tərəfindən böyük maraqla qarşılandı.

 

Konfransda eyni zamanda “Baker&McKenzie”, “Baku Consulting Group”, “Ekvita”, “BM Morrison partners” kimi Azərbaycanın  qabaqcıl hüquq şirkətləri və bir sıra ictimai birliklərin nümayəndələri iştirak edirlər.

 

Xatırladaq ki, 2013-cü ildə yaranmış Britaniya Azərbaycan Hüquq Assosiasiyasının təsis edilməsində əsas məqsəd Birləşmiş Krallıq və Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqşünaslar arasında əlaqələr yaratmaq, hüquqşünaslar arasında ən qabaqcıl hüquq təcrübəsini paylaşmaq və iki ölkə arasındakı münasibətləri möhkəmlətməkdir.