Boşanma zamanı ən problemli məsələlərdən biri, bəlkə də birincisi uşağın hansı valideyninin yanında qalmasıdır. Bununla bağlı, Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi vəkil Dünyamin Novruzov öz fikrini bildirib.
Vəkil bildirib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir.
“Məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda anasının yanında qalır. Burada uşağın yaşından çox şey asılıdır. Bir qayda olaraq, 14 yaşına çatmamış uşaqlar məhkəmə tərəfindən analarının yanında saxlanılır. BMT Baş Məclisinin 1386 (XIV) nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Məhkəmə qeyd edilən müstəsna hallarda, uşaq atasının yanında saxlanıla bilər. On yaşına çatmış uşaqların valideynlərdən hansının yanında qalması məsələsi məhkəmə tərəfindən uşağın mənafelərindən çıxış edilərək və uşağın fikri mütləq nəzərə alınaraq həll olunur. Bu halda, atanın, uşağın onun yanında qalması şansı müəyyən qədər artır. Məhkəmə uşağın yaşını, onun hər iki valideynə, bacı və qardaşına bağlılığını, valideynlərin əxlaqi və digər dəyərlərini, valideynin iş rejimi də nəzərə alınmaqla onun uşağı tərbiyə etməsinin mümkünlüyünü, valideynlərin maddi və ailə vəziyyətlərini nəzərə alır. Qeyd edək ki, valideynlərdən birinin maddi-məişət şəraitinin yüksək olması özü-özlüyündə uşağın onun yanında qalmsı tələbinin təmini üçün ona mütləq və şərtsiz üstünlük vermir.” – deyə hüquqşünas bildirib.
Beləliklə, uşağın atanın yanında qalması mübahisənin faktiki hallarından asılıdır və bu məsələdə səlahiyyətli orqan işə baxan məhkəmədir.
The information contained in this website is provided only for informational purposes only, and should not be construed as legal advice on any matter. The receipt of information contained on this Web site, in whole or in part, or communication with BHM Law Firm via the Internet or e-mail through this website does not constitute or create a lawyer-client relationship between us and any recipient.
© 2024 Powered by BHM