BHM Hüquq Şirkəti MMC
en az

Mənzili kirayə götürərkən yazılı müqavilə bağlamaq lazımdırmı?

28.10.2014

Yeni dərs ilinin başlaması ilə bərabər paytaxtımızda kirayə bazarı daha da canlanır. Bəs kirayə ev axtaranlar nələri bilməlidirlər?  Mənzili kirayə götürərkən yazılı müqavilə bağlamaq lazımdırmı?


Bununla bağlı suallara Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi, vəkil Dünyamin Novruzov aydınlıq gətirib.


“Təcrübə göstərir ki, əksər hallarda mənzili kirayəyə götürərkən kirayəyə verənlə kirayəçi şifahi razılığa gəlirlər. Lakin bu hal sonradan hər iki tərəf üçün müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər. Məsələn, (A) kirayəyə verən mənzili dərhal boşaltmağı tələb edə bilər ki, bu vəziyyətdə kirayəçi çətin vəziyyətdə qalar. Çünki qısa müddətdə uyğun qiymətə mənzil tapmaq elə də asan deyil. (B) Kirayəyə verən növbəti aydan kirayə haqqının qiymətini birtərəfli qaydada artırdığını bildirə bilər. (C) Kirayəçi mənzilə və ya qonşulara zərər vurduğu halda tərəflər arasında müqavilənin olması kirayəyə verənin ona dəymiş zərəri məhkəmə qaydasında tələb etməsinə kömək edəcəkdir.” – deyə vəkil bildirib.


Hüquqşünas eyni zamanda bildirib ki, qeyd olunanlar müqavilə bağlanmasının zəruriliyini şərtləndirən faktiki amillərdir. Qüvvədə olan mülki qanunvericiliyin tələbinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Əgər mənzil kirayəsi müqaviləsinin müddəti on bir aydan çoxdursa, ondan həmin hüquq da dövlət qeydiyyatına alınmalıdır. (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 19.1-ci maddəsi).