BHM Hüquq Şirkəti MMC
en az

Arbitraj məhkəmələrinin qərarlarına münasibətdə Avropa Məhkəməsinin mövqeyi

28.03.2016

Avropa İnsan Hüquqları Məhkəməsi bu ilin mart ayında beynəlxalq kommersiya müqavilələrindən irəli gələn mübahisələrə münasibətdə Məhkəmənin mövqeyi barədə nümunəvi qərar çıxarmışdır.


Ərizəçi Tunis vətəndaşı Nurəddin Təbbanidir. 2013-cü ildə vəfat etmiş ərizəçini Avropa Məhkəməsində həyat yoldaşı və oğlanları təmsil etmişlər. Tunisli sahibkar Təbbani 2000-ci ildə fransız şirkəti olan Kolqeyt-Palmoliv ilə opsion müqaviləsi bağlamışdır. Müqavilə şərtlərinə əsasən Təbbani Kolqeyt-Palmoliv şirkətinə aid müəyyən payları müqavilədə qeyd olunmuş dövr ərzində almaq hüququna malik idi. Müqavilənin digər şərtinə əsasən, tərəflər arasında mübahisə yaranan zaman onun həlli İsveçrədə yerləşən Beynəlxalq Ticarət Palatasının Beynəlxalq Arbitraj Məhkəməsinin səlahiyyətində olacaqdır ki, bu qərar da tərəflərə münasibətdə yekun olacaqdır. 2008-ci ildə Kolqeyt-Palmoliv şirkəti Təbbaninin aralarında olan müqavilə şərtlərini pozması ilə bağlı Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etmişdir. Arbitraj Məhkəməsinin 2011-ci ildə çıxardığı qərara əsasən, Təbbanı opsion müqaviləsinə əsasən, əldə etdiyi bütün səhmləri Kolqeyt-Palmolivə qaytarmalı idi. Daha sonra Təbbanı İsveçrənin kanton məhkəməsinə mübahisənin arbitrajdan kənar qaydada həll olunması üçün ərizə vermişdir. Kanton məhkəməsi öz növbəsində mübahisəyə baxmaqdan imtina etmişdir. Belə ki, müqaviləni tənzimləyən “Beynəlxalq xüsusi hüquq haqqında” İsveçrə Federal qanununun 192-ci maddəsinə əsasən, tərəflər mübahislərin həllinin sonuncu instansiyası kimi Beynəlxalq Arbitraj Məhkəməsini qeyd etmişlər və bununla özlərinin yerli məhkəmələrə müraciət etməkdən hüququndan məhrum etmişlər.


Ərizəçi Təbbani kanton məhkəməsinin qərarından Konvensiyanın 6-cı (ədalətli məhkəmə hüququ) və 13-cü (səmərəli müdafiə hüququ) maddələrinin pozuntusu ilə bağlı Avropa Məhkəməsinə ərizə vermişdir. Ərizədə “Beynəlxalq xüsusi hüquq haqqında” federal qanunun 192-ci maddəsinin Avropa Məhkəməsinə çatımlılıq hüququnu məhdudlaşdırması məxsusi qeyd olunmuşdur.


Beləliklə, Avropa Məhkəməsi məsələ ilə bağlı aşağıdakıları qeyd edir:


1) Tərəflər arasında olan müqavilə şərtlərinə əsasən, Beynəlxalq Arbitraj Məhkəməsinin sonuncu instansiya qismində tanınması istiqamətində Təbbaniyə heç bir təzyiq olmamışdır və müqavilənin bu şərtini Təbbani sərbəst şəkildə, öz iradəsi ilə seçmişdir.


2) Müqavilə şərtlərinə əsasən, Təbbani mübahisələrin həlli üçün özü tərəfindən 2 arbitr seçmişdir ki, onlar da digər 2 arbitrla məsələyə obyektiv şəkildə baxmışlar. Dolayısilə, Təbbaniyə müqavilə şərtlərindən sərbət şəkildə yararlanmaq imkanı tanınmışdır.


3) Eyni zamanda kanton məhkəməsinin işə baxmaqdan imtina etmək barədə qərarı obyektivdir.


4) Habelə 192-ci maddənin ümumiyyətlə müqavilə tərəflərinin hüquqlarını məhdudlaşdırması barədə actio popularis (ictimai mənafə naminə iddialar) qismində iddialar Avropa Məhkəməsi tərəfindən baxılmır.


Yuxarıda qeyd olunanları nəzərə alaraq, Avropa Məhkəməsi ərizəçi Təbbaninin şikayətinin qeyri-məqbul olması qənaətinə gəlmişdir. Beləliklə, Avropa Məhkəməsinin qənaətinə əsasən, Beynəlxalq Arbitraj Məhkəməsinin yekun qərarından milli məhkəmələrə şikayət edilə bilinməməsi Konvensiyanın pozuntusu hesab edilə bilməz.

 

AHİM (c)