BHM Hüquq Şirkəti MMC
en az

Dəniz hüququ haqqında 1982-ci il Konvensiyasına qoşulma Azərbaycan üçün nə vəd edir?

16.04.2016

Bu ilin mart ayının 4-də Azərbaycan “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il Konvensiyası”na qoşulmuşdur. Dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, ölkəmizin qeyd olunan Konvensiyaya qoşulması zərurəti barədə ictimaiyyət arasında suallar dolaşmaqdadır.
 

Qeyd olunan suallara aydınlıq gətirilməsi məqsədilə Bakı Hüquq Mərkəzinin hüquqşünası Türkan Mustafayeva qoşulma ilə bağlı aşağıdakı məqamlara diqqət yetirməyin vacib olduğunu bildirdi:


“Məsələnin hüquqi tərəfindən başqa, nəzərə almaq lazımdır ki, Azərbaycanı Xəzər hövzəsindəki, habelə digər Orta Asiya ölkələrinə münasibətdə tranzit ölkə hesab etmək olar. Eyni zamanda Azərbaycanın Respublikasının bayrağı və digər tanınma nişanları altında çoxsaylı ticari gəmilər beynəlxalq sularda səyahət etməkdədir. Bu mənada ölkəmizin adıçəkilən Konvensiyaya qoşulmasında təəccüblü heç nə yoxdur. Konvensiya yalnız dənizə çıxışı olan ölkələrə deyil, habelə çıxışı olmayan ölkələrə də şamil olunur. Təbii ki, bu halda Konvensiyaya qoşulmaq ön şərtdir.


Konvensiyanın 131-ci və digər müddəalarına əsasən, dənizə çıxışı olmayan ölkələrin bayrağı altında üzən gəmilərə dəniz limanlardan dənizə çıxışı olan ölkələrin gəmiləri ilə bərabər qaydada istifadə hüququ təmin edilir. Habelə Konvensiyaya görə, dənizə çıxışı olmayan ölkələr digər ölkələrin su ərazisindən sərbəst şəkildə tranzit keçidi etmək hüququna malikdir. Bu, o deməkdir ki, Azərbaycana aid gəmilər Konvensiyaya üzv ölkələrin ərazi sularından maneəsiz şəkildə keçə bilərlər. Bu zaman həmin ölkə ilə Azərbaycan arasında hər hansı ikitərəfli razılığın olmasında lüzum qalmır. Bu məsələ avtomatik olaraq Konvensiyaya qoşulmaqla öz həllini tapmış olur. Bununla belə, Konvensiya tranzit keçidin texniki və s. məqamlarının dəqiqləşdirilməsi ilə bağlı iki dövlət arasında hər hansı müqavilənin bağlanmasını istisna etmir. Qeyd olunmalıdır ki, qonuşlarımızdan Rusiya, Gürcüstan, İran və Ermənistan da Konvensiyaya üzv ölkələr sırasındadır.”

 

 

(c) bhm.az