BHM Hüquq Şirkəti MMC
en az

Ölkəmizi ziyarət edən xarici ölkə vətəndaşları və əcnəbilər üçün tətbiq olunacaq yeni ƏDV qaytarılması qaydaları

14.07.2016

12 İyul 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalamışdır. Ötən 20 il ərzində, xarici vətəndaşlara Əlavə Dəyər Vergisinin (bundan sonra “ƏDV”) geri qaytarılması artan tendensiya olmuşdur. Məlumat üçün qeyd edək ki, ƏDV bir çox malların və xidmətlərin qiymətlərinə daxil edilən və əsas yükü istehlakçıların tərəfindən ödənilən dolayı vergidir. Fərmana əsasən, ƏDV-nin geri qaytarılması  əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin şəxsi və ya oxşar istifadəsi üçün Azərbaycanda aldığı mallara tətbiq oluna bilər. Hazırkı dövrdə, “tax free” sistemi dünyada 50-dən artıq ölkədə tətbiq olunur və həqiqətən, Azərbaycanın bu sistemə qoşulması əhəmiyyətli addımdır.

Belə ki, azad vergi sistemindən yararlanmaq üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər bir sıra tələblərə əməl etməlidir. İlk növbədə, mallar  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün alınırsa ƏDV geri qaytarılmır. İkincisi, mallar alındığı tarixdən 90 gün müddətində Azərbaycan ərazisindən çıxarılmalıdır. Bundan əlavə, bir elektron vergi-hesab fakturası üzrə alınan malların dəyəri (ƏDV ilə birlikdə) 300 manatdan çox olduğu hallarda ƏDV-nin qaytarılması qaydaları tətbiq edilir. Nəzərə almaq lazımdır ki, aksizli mallara, ərzaq mallarına, dərman preparatları və tibbi ləvazimatlara, ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət kəsb edən mallara, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallara, ixracı üçün lisenziya tələb olunan mallara, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlara, külçə şəklində qiymətli metallara, müşayiət olunmayan baqajla Azərbaycan Respublikasının ərazisindən aparılan mallara, nəqliyyat vasitələri və onların ehtiyat hissələri, poçt və ya internet xidməti vasitəsilə ixrac edilən mallara ƏDV-nin əvəzləşdirilməsi tətbiq olunmur.

Qaydalara müvafiq olaraq, Əcnəbi və ya vətəndaşlığı olmayan alıcı malları alarkən “Tax free” sistemindən yararlanmaq istəyi barədə Satıcıya məlumat verməlidir. Bu halda, azad vergi sistemini tətbiq etmək üçün qeydiyyatdan keçmiş mağazalar tərəfindən onlara ƏDV-ni əvəzləşdirmək üçün elektron vergi hesab-fakturası təqdim olunur. Azərbaycanı tərk edərkən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs aldığı malları həmin elektron vergi hesab fakturası ilə birlikdə hava limanında yerləşən gömrük məntəqələrinə təqdim edir. Elektron vergi hesab faktura gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən təsdiq olunduqdan sonra əcnəbi istehlakçılar ƏDV-ni nağd və ya bank kartına köçürmə yolu ilə müvafiq bankdan geri qaytara bilərlər. Köçürmə metodundan asılı olmayaraq, göstərilən xidmətlərə görə alıcıya ödəniləcək ƏDV məbləğindən 20 faiz həcmində xidmət haqqı tutulur.

Qeyd olunmalıdır ki, “tax free” sisteminin tətbiqi xarici vətəndaşlar tərəfindən Azərbaycandan malların alınmasına stimul yaratmaq, ölkəyə xarici turistlərin marağının artırmaq, ticarət dövriyyəsinin artmasına təkan vermək, turizm sektorunda son illər ərzində nail olunmuş sürətli inkişafın davamlılığının təmin etmək və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi üçün tətbiq olunur.

 

 

© Baku Law Centre LLC.