30 sentyabr 2016-cı il tarixində “Bakı Bulvar Hotel”-də Azərbaycanda Amerika Ticarət Palatası (AmCham), Baker & McKenzie, Bakı Hüquq Mərkəzi (BHM) və Dentons şirkətlərinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Arbitraj Azərbaycana xarici investisiyaların təşviqi vasitəsi kimi” mövzusunda konfrans keçirilmişdir. Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin (BKAM) İdarə Heyətinin sədri cənab Gündüz Kərimov konfransın açılış nitqini söyləmiş və qonaqları salamlamışdır. Bundan sonra o, konfransın keçirilmə məqsədi və beynəlxalq arbitrajın həm ümumdünya praktikasında mübahisələrin həllində rolu, həm də Azərbaycan üçün müsbət töhvələri barədə geniş məlumat vermişdir. Gündüz Kərimov həmçinin rəhbərlik etdiyi BKAM-ın yaradılması, uğurları və hazırki fəaliyyəti barədə ətraflı məlumat verərək bildirmişdir ki, ölkəmizdə beynəlxalq arbitraj məhkəmələrinin fəaliyyətinin dəstəklənməsi Azərbaycan iqtisadiyyatına sərmayə qoymuş xarici investorların iqtisadi və
mülki hüquqlarının səmərəli müdafiəsi istiqamətində dövlətimizin əlverişli hüquqi mexanizmlər yaratmasının göstəricisidir.
Daha sonra söz alan AmCham-ın İcraçı direktoru xanım Natəvan Məmmədova beynəlxalq arbitrajın üstünlüklərindən və bu məhkəmələrin fəaliyyətinin xarici investorlar və ümumilikdə ölkədəki biznes mühiti üçün üstünlüklərindən danışdı. O, bu üstünlüklərdən bəziləri kimi, arbitrlərin seçilməsində sərbəstlik, çeviklik və qənaət prinsiplərini xatırladaraq qeyd etdi ki, dövlət məhkəmələrində tərəflərin öz hakimini seçmək imkanı yoxdur. Arbitrajda isə əksinə, tərəflərin arbitr funksiyalarını yerinə yetirməyə qabiliyyəti olan istənilən şəxsi arbitr seçmək hüququ var. Bu, mübahisə predmeti üzrə yüksək ixtisaslı, qabiliyyətli, tərəflərin razılaşa
biləcəkləri nüfuzlu şəxsi mübahisənin həll olunmasına cəlb etməyə şərait yaradır.
Ardınca, BHM-in direktoru cənab Anar Bağırov Azərbaycanda beynəlxalq arbitraj məhkəmələrinin fəaliyyət göstərməsi üçün ölkədaxili qanunvericilik bazası mövcudluğundan, eləcə də bu sahədə Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq qanunvericilik aktlarından söz açdı. O bildirdi ki, 18 noyabr 1999-cu ildə «Beynəlxalq Arbitraj haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul olunub və 9 noyabr 1999-cu ildə isə Azərbaycan Respublikası «Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında» 10 iyun 1958-ci il tarixli Nyu-York Konvensiyasını ratifikasiya edərək qoşulmuşdur. Bu, respublikamızda aparılan məhkəmə-hüquq islahatlarında mühüm hadisə olmaqla, beynəlxalq arbitraj məhkəmələrinin qəbul etdiyi qərarların ölkəmizdə məcburi icrası ilə yanaşı, bu qərarların Konvensiyanın üzvü olan dünyanın 143-dən artıq ölkəsində tanınması və icrası prosedurunu sadələşdirmişdir.
Eyni zamanda bildirilmişdir ki, Azərbaycanda beynəlxalq arbitrajın fəaliyyət göstərməsi üçün qanunvericilik bazasının mövcud olmasına baxmayaraq, eyni sözləri yerli kommersiya arbitrajlarının, habelə mediasiya institutunun mövcudluğu haqqında demək mümkün deyildir. Ona görə də tədbir çərçivəsində bu sahədə qanunvericilik bazasının formalaşdırılmasının zəruruliyi xüsusilə vurğulanmış və ölkəmizə bu cür institutların qanunvericilik səviyyəsində gətirilməsinin yerli və xarici investisiyaların qorunması baxımından əhəmiyyətli olduğu qeyd olunmuşdur.
Bundan sonra, BKAM və AmCham arasında, həmçinin BKAM və Rusiya Arbitraj Assosiasiyası arasında təntənəli surətdə əməkdaşlıq müqavilələri imzalandı
.
Daha sonra Rusiya Arbitraj Assosiasiyasının İdarə Heyətinin sədri cənab Vladimir Xvalei söz alaraq arbitrlərin müstəqilliyi, qərəzsizliyi və müvafiq sahələr üzrə ixtisaslaşmış olmaları barədə danışmış, beynəlxalq arbitrajın ölkənin iqtisadi həyatında uğura aparan mühüm faktor olduğunu qeyd etmişdir.
Ardınca BHM-in hüquqşünası cənab Toğrul Quluzadə arbitraj araşdırmasının yeri və arbitraj məhkəməsinin qətnaməsinin beynəlxalq aləmdə tanınması və icrası barədə ətraflı məlumat vermişdir.
Sonra söz alan, Denton şirkətinin İdarəedici partnyoru cənab Ceyms Hoqan beynəlxalq arbitraj məhkəmələrinin ölkədəki xarici investorların fəaliyyətində zəmanət kimi çıxış etməsi əsaslarından geniş danışdı.
Bunun ardınca arbitrlərin namizədliyi və təyin edilməsi həyata keçirildi. Konfrans sonda “Sual-cavab” sessiyası ilə yekunlaşdı.
(c) AmCham