BHM Hüquq Şirkəti MMC
en az

Azərbaycan Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyası”na Əlavə Protokolunu imzalayıb

10.10.2012

Bu gün Azərbaycanın baş prokuroru Zakir Qaralov Strasburqda Avropa Şurasının mənzil qərargahında Təşkilatın “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya”sına Əlavə Protokolun müvafiq bəyanatla imzalanması mərasimində iştirak edib.

 

APA-nın Avropa Şurasındakı müxbirinin verdiyi xəbərə görə, sənədin imzalanması mərasimində Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, baş prokurorun köməkçisi V. Səmədov və Azərbaycanın Avropa Şurası (AŞ) yanında daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Cəlal Mirzəyev iştirak edib.

 

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev APA-ya deyib ki, Azərbaycan AŞ-nın “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyası”na 2003-cü ildə qoşulub, bu sənədi ratifikasiya edib: “Həmin Konvensiyanı biz o vaxt imzalayanda ordakı bir neçə müddəanı qeyd-şərtlə imzalamışdıq. Bu hər bir dövlətin hüququdu ki, imzaladığı hüquqi sənəddə hansısa müddəanı və ya müddəaları qeyd-şərtlə imzalasın, yəni bu müddəaları qəbul etmədiyini bildirsin. Biz də Konvensiyanı imzalayanda bu hüququmuzdan istifadə etmişik. Bunlar “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyası”nın 5-ci (xarici vəzifəli şəxslərin rüşvətlə ələ alınması), 6-cı (xarici dövlətlərin seçkili orqanları üzvlərinin rüşvətlə ələ alınması), 10-cu (Beynəlxalq parlament assambleyaları üzvlərinin rüşvətlə ələ alınması) və 12-ci (nüfuz alveri) maddələri idi. Lakin indi biz yerli qanunvericiliyimizdə müəyyən dəyişiklər etmişik və bu gün bu qeyd-şərtləri də aradan götürdük. Bundan əlavə, baş prokuror bu gün “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyası” nın 15 may 2003-cü il tarixli Əlavə Protokolunu (milli dövlət arbitrlərinin rüşvət istəməsi, xarici arbitrlərin, milli və xarici münsiflərin rüşvətlə ələ alınması) da imzaladı. Amma buna uzun zamandır ki, hazırlıq gedirdi. Prezidentin bu il avqustun 30-da imzaladığı sərəncamla Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyası”na Əlavə Protokolunu imzalamaq səlahiyyəti baş prokurora həvalə edilib. Bu gün protokol imzalandı, sənəd Milli Məclisdə ratifikasiya olunandan sonra Azərbaycanda tam qüvvəyə minəcək”.

 

K. Əliyev qeyd edib ki, Azərbaycan Əlavə Protokolu bəyanatla imzalayıb: “Biz 2003-cü ildə Konvensiyada olduğu kimi, bu Əlavə Protokolu da bəyanatla imzaladıq. Bəyanat da ondan ibarətdir ki, Azərbaycan torpaqlarının 20% faizi qonşu Ermənistan tərəfindən işğal edilib və biz həmin işğal edilmiş ərazilərdə Konvensiya müddəalarının tətbiqini məsuliyyət kimi öz üzərimizə götürmürük”. Qeyd edək ki, Z. Qaralov Avropa Şurasına səfəri çərçivəsində təşkilatın baş katibinin müavini xanım Qabriela Battaini-Draqoni ilə ikitərəfli görüş keçirib.

 

Görüşdə Azərbaycanla AŞ arasındakı münasibətlər haqda fikir mübadiləsi aparılıb. Bundan başqa, xanım Qabriela Battaini-Draqoniyə Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş qanunverici və institusyonal tədbirlər, o cümlədən Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planları, Azərbaycan Prezidenti yanında vətəndaşlara Xidmət və Sosial İnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və funksiyaları barədə ətraflı məlumat verilib.

 

Görüşdə Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış mütərəqqi dəyişikliklər müsbət qiymətləndirilib, Azərbaycanın AŞ-nın Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) ilə arasındakı uğurlu əməkdaşlığı xüsusi vurğulanaraq, bunun davam etdiriləcəyi qeyd olunub.