BHM Hüquq Şirkəti MMC
en az

Azərbaycanda mallara gömrük təminatının vurulması qaydaları müəyyən edilib

07.11.2012

Azərbaycan Nazirlər Kabineti "Mallara gömrük təminatının vurulması Qaydaları"nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Bu qaydalar gömrük orqanları tərəfindən gömrük nəzarəti altında qalmaqla idxalı, ixracı və ya gömrük ərazisindən tranzitlə keçirilməsi nəzərdə tutulan mallara gömrük təminatının vurulması qaydalarını, habelə gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən malların yerləşdirildiyi bağlamalara gömrük təminatının vurulması, onun dəyişdirilməsi, çıxarılması şərtlərini və onlara müdaxilə oluna biləcəyi halları müəyyən edir. Gömrük təminatı - gömrük nəzarətinin və rəsmiləşdirilməsinin nəticələrini əks etdirmək üçün gömrük sərhədindən keçirilən mallara və nəqliyyat vasitələrinə gömrük orqanları tərəfindən vurulan plomblar, möhürlər və digər eyniləşdirmə vasitələridir. Mallar gömrük nəzarəti altında yerləşdirilərkən, gömrük təminatı gömrük nəzarətini həyata keçirən gömrük orqanının vəzifəli şəxsi tərəfindən vurulur. Gömrük təminatının vurulması yerlərini müəyyənləşdirmək mümkün olmadıqda, mallar bağlamalara yerləşdirilir.