DEMOKRATİK TƏKAMÜLÜN CARÇISI - MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARI
Əslində, dahi dialektik Fridrix Heygel hesab edirdi ki, istənilən cəmiyyətin, dolayısı ilə ictimai təfəkkürün formalaşması prosesinin özülündə hüquq münasibətləri durmalıdır. Hüquqi münasibətlərdən təcrid olunmuş toplumun "cəmiyyət" adlandırılması isə məntiqsizlik olardı. Məsələyə günümüzün aspektindən yanaşdıqda cəmiyyətin mükəmməl idarə edilməsi modelini qurmuş yunan polisləri, daha sonrakı dövrə təsadüf edən, plebeylər və patrisilərin nəzərində demokratik idarə olunan qədim Roma Respublikasının tərəqqisində o zamankı mütərəqqi hüquqi bazanın durduğu danılmazdır. Həmin dövlətlərin senat, areopaq və s. ictimai bazaya dayanan formalar əsasında idarə olunduğunu hamımız bilirik. Məhz təkmil qanunvericilik bazasının təşəkkülünün bu dövrə təsadüf etməsi həmin dövlətlərin idarə olunması üsulu - fərdin deyil, ictimai maraqlara cavab verməsi ilə bağlı idi. Hüquqşünasların tanıdığı "12 cədvəl qanunları" və ya "Qayın institusiyaları" məhz həmin dövrün bəhrələridir ki, günümüz qanunvericiliyinin təməllərindən birini təşkil edir. Çünki antik cəmiyyətlərdə insanlar arasında əldə olunmuş konsensus son nöqtədə hüquqa dayanırdı və hüquq münasibətlərinin getdikcə təkmilləşməsi cəmiyyətin inkişafına rəvac verirdi.
Orta əsrlərin "qaranlıq dövrü"nə baxmayaraq XX əsrin əvvəllərindən başlayan hüququn inkişaf tendensiyası həmin əsrin ortalarında daha da güclənməyə başladı və bu spiralvari proqres indi də davam etməkdədir. BMT-nin İnsan Hüquqlarına dair Universal Bəyannaməsi və onun təminatı mexanizmi olan BMT-nin Beynəlxalq Məhkəməsi, habelə Əsas İnsan Hüquq və Azadlıqlarına dair Avropa Konvensiyası və onun təminat mexanizmi olan İnsan Hüquqlarına dair Avropa Məhkəməsi XX əsrin təlatümlərinin doğurduğu bu qəbildən olan "nou-hau"lar, dünyamızın bugünkü mənzərəsini xeyli dəyişdirmişdir. Hüquq sahəsi o qədər genişlənmişdir ki, artıq bu, ayrı-ayrı fərdlərin peşəsi kimi deyil, cəmiyyətin məhsuluna çevrilmişdir. Və təbii ki, bu proses getdikcə inkişaf etməkdədir.
Müasir Azərbaycan cəmiyyəti də bu prosesdən kənarda qalmamış və bu işə öz töhfəsini verməkdə davam edir. Ölkəmiz öz suverenliyini bərpa etdikdən sonrakı dövrdə bu proses daha da təkamülə uğramağa başladı və öz kulminasiya nöqtəsinə "Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 2 may 1995-ci il qərarının qəbulu ilə çatdı. Dahi dövlət xadimi Heydər Əliyevin rəhbərlik etdiyi bu komissiyanın fəaliyyəti nəticəsində müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu ki, bununla da, ölkəmizin demokratik təkamülünə real təkan verilmiş oldu. Sonrakı dövrdə - 1996-cı ilin fevralında Azərbaycan Respublikası Prezidentinin yanında Hüquqi İslahat Komissiyasının yaradılması "Məhkəmələr və hakimlər haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", yeni cinayət, mülki, əmək, notariat, polis və s. mütərəqqi qanunvericilik aktlarının qəbulu ilə nəticələndi ki, bununla da, ölkəmizin beynəlxalq standartlara cavab verən qanunvericilik və məhkəmə-hüquq sisteminin özülləri müəyyənləşdirildi. Qeyd olunan islahatların əsas qayəsini Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi, hüquq islahatlarının aparılması sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi təşkil edirdi. Məsələyə başqa rakursdan nəzər saldıqda görərik ki, hüquq islahatları istiqamətində həmin dövrdə atılmış addımların siyasi aspektləri özünü daha qabarıq göstərir. Belə ki region dövlətləri ilə müqayisədə Azərbaycanın iqtisadi inkişaf tempi və belə inkişafın ölkəmizi beynəlxalq inteqrasiyaya daha dərindən cəlb etməsi onun qanunvericilik, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsini zəruri edirdi. Beləliklə, yalnız islahatlar yolu ilə qlobal inkişafla ayaqlaşmaq mümkün ola bilərdi.
Çox da uzun olmayan dövr ərzində ölkəmizin məhkəmə-hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu, yeni 3 pilləli məhkəmə sistemi fəaliyyətə başladı. Dolayısı ilə, məhkəmə sisteminin daha da təkmilləşdirilməsi, prosessual və maddi qanunvericiliyin yenilənməsi dövrün çağırışlarına tutarlı cavab idi. Məhz həmin dövrdə məhkəmə hakimiyyətinin müstəqillyinin tam təmin edilməsi məqsədi ilə məhkəmələr üzərində prokuror nəzarəti ləğv olunaraq onların prosessual səlahiyyətləri xeyli genişləndirildi, məhkəmə fəaliyyətini tənzimləyən qanunvericilik bazası tədqiq edilərək yeni müstəqil qurumlar - Məhkəmə-Hüquq Şurası, Hakimlərin Seçki Komitəsi yaradıldı, habelə hakimlərin müddətsiz təyinatı, onların fəaliyyətlərinin qiymətləndirilməsi qaydaları müəyyənləşdirildi.
Hal-hazırda dünya dövlətləri arasında onların məhkəmə və hüquq sistemlərinin beynəlxalq standart və normalara uyğunlaşdırılması prosesi getməkdədir. Avropa ölkələrinin əksəriyyətində kontinental hüquq sisteminə meylin güclü olmasına baxmayaraq, anqlo-sakson hüquq sistemli ölkələrdə də unifikasiya olunmuş hüquq sisteminin formalaşdırlması meyli sezilməkdədir. Bunun bariz nümunəsi kimi Avropa İnsan Hüquqları Məhkəməsini göstərə bilərik ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il fərmanı ilə bu məsələ demək olar ki, öz həllini tapmış oldu. Həmin sənəddə İnsan Hüquqlarına dair Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işinin təşkili və onun məhkəmə təcrübəsində nəzərə alınmalı olduğu qeyd edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, bu gün hakimlərin seçimi prosesinin davamı olaraq 77 nəfər hakimliyə namizədlə uzunmüddətli tədris kursu davam etməkdədir. Təsadüfi deyil ki, hazırda onların tədris proqramında beynəlxalq xarakterli hüquqi mövzuların sayı artmışdır. Hətta namizədlər tərəfindən Türkiyə təcrübəsinin öyrənilməsi məqsədi ilə onların qonşu respublikaya tədris səfərləri də təşkil olunmuşdur.
Bundan başqa, 2007-ci ildə Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmə hakimiyyətinin fəaliyyətinin qərəzsizliyinin, şəffaflığının, səmərəliliyinin təmin edilməsinin əsas ünsürlərindən biri olan Hakimlərin Etik Davranış Kodeksi qəbul olunmuş və bu sənədin mahiyyətinin daha dərindən anlaşılması və bu sahədə beynəlxalq standartların tələblərinin öyrənilməsi məqsədi ilə BMT tərəfindən qəbul olunmuş "Hakimlərin davranışı üzrə Banqalor prinsipləri" və onun kommentariyası ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə edilərək ölkəmizin hakim korpusu və hüquq ictimaiyyəti arasında paylanılmışdır. Bu addım "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamının 3.6-cı bəndi - hakimlərin və hakimliyə namizədlərin tədrisində insan hüquqları sahəsində beynəlxalq konvensiyalarla bağlı mövzuların geniş istifadə edilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi tapşırığı ilə uzlaşmaqdadır. Bu mənada, ölkəmizin məhkəmə-hüquq sahəsində mühüm əhəmiyyət kəsb edən beynəlxalq sənədlərin tərcüməsi və hüquq ictimaiyyəti arasında təbliğinin səmərəli təşkilindəki təcrübəsi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
Ümumiyyətlə, ölkəmizdə hakimlərin seçilməsi prosesinə əhəmiyyət verilərək Avropada ən qabaqcıl təcrübə tətbiq olunmaqdadır. Qeyd olunmalıdır ki, çoxmərhələli imtahanlardan ibarət olan seçim prosedurlarının nəticəsi olaraq son 6 il ərzində 235 nəfər hüquqşünas hakim vəzifəsinə təyin olunmuşdur. Bu rəqəm isə mövcud hakim korpusunun yarısını təşkil edir. Yeni təyinatlarla bərabər, son 5 il ərzində ölkəmizdə 20-dək yeni regional məhkəmələr, o cümlədən apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlamışdır. Ölkənin sürətli iqtisadi inkişafı ilə əlaqədar məhkəmələrin iş yükünün dəfələrlə çoxalması nəzərə alınaraq hakimlərin sayı son illər ərzində 2 dəfə artırılmışdır. Bundan başqa, ölkəmizdə hakimlərin seçimi proseduru Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) tərəfindən yüksək qiymətləndirilərək Avropa ölkələri arasında nümunəviliyi ilə bağlı təqdir olunmuşdur. Komissiyanın dövri olaraq dərc etdiyi hesabatlarında ölkəmizdə məhkəmələrin informasiya və kommunikasiya texnologiyaları ilə təchiz olunması üzrə səylər xüsusi vurğulanmışdır.
Son dövrlər məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi sahəsində atılmış mühüm addımlardan biri də "Məhkəmələr və hakimlər haqqında" qanuna 22 iyun 2010-cu il tarixli dəyişikliklərlə bağlıdır. Bunun ardınca isə müvafiq olaraq dövlət başçısının 15 iyul və 9 avqust 2010-cu il tarixli fərmanlarıdır ki, bu sənədlər də ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında müstəsna rola malikdir. Qeyd olunan sənədlərə əsasən, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkənin dörd əlavə bölgəsində regional ağır cinayətlər məhkəmələri təsis edilmiş, dövlət orqanları tərəfindən insan hüquqlarına əməl olunmasının təmin edilməsi məqsədilə ölkəmizin tarixində ilk dəfə olaraq yeddi bölgədə inzibati-iqtisadi məhkəmələr yaradılmış, hakim ştatlarının sayı 25 faiz artırılmışdır. Vətəndaşların məhkəmələrə müraciət imkanlarının sadələşdirilməsi və hüquqi xidmətlərin təkmilləşdirilməsi məqsədilə bütün məhkəmələri əhatə edən veb-səhifə yaradılmışdır. Veb-səhifənin imkanlarından istifadə etməklə ali, apelyasiya və birinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, hakimlərin qəbul günləri və s. barədə ətraflı məlumat almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini yükləmək, həmçinin müvafiq məhkəmələrə internet vasitəsi ilə müraciət etmək mümkündür.
Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarına yeni nəfəs verən və əhəmiyyətli sayıla biləcək hadisələrdən biri də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 27 dekabr 2011-ci il tarixdə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" sərəncamın imzalanmasıdır. Sərəncam dövrün tələbləri, məhkəmə-hüquq islahatlarının sürətli və keyfiyyətli həyata keçirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, həmçinin normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Sərəncamda diqqəti cəlb edən məqamlar əsas etibarilə insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının Azərbaycan Respublikasının məhkəmələri tərəfindən tətbiqi üzrə araşdırma və tədqiqatların aparılmalı olması, xüsusilə, İnsan Hüquqlarına dair Avropa Konvensiyasının məhkəmə aparatı işçiləri tərəfindən öyrənilməsinin təmin edilməsi, dolayısı ilə məhkəmə qərarlarının vaxtında və dəqiq icrasını təmin etmək məqsədi ilə icra tədbirlərinin səmərəliliyinin artırılmalı olmasının zəruriliyi ilə bağlıdır.
Son zamanlar ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarının forma və məzmunu baxımından əhəmiyyətli sayılacaq hadisələrin şahidi oluruq. Bu silsilədən olan tədbirlərdən biri də 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı ərəfəsində Yasamal Rayon Məhkəməsinin yeni inzibati binasının açılışıdır. Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində analoji tədbir - Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin, habelə ötən il Oğuz Rayon Məhkəməsinin yeni binalarının istifadəyə verilməsi məhkəmə-hüquq islahatları sahəsində əlamətdar hesab olunacaq hadisələrdəndir.
Hər kəs üçün aşkar olan bir həqiqət vardır. Bu həqiqət də ondan ibarətdir ki, istənilən müasir cəmiyyətin tərəqqi meyarlarından biri də məhkəmə-hüquq sisteminin səviyyəsi, bu sahədə həyata keçirilən islahatlardır. Əgər bu istiqamətli fəaliyyətə xüsusi önəm verilirsə, deməli, dövlət öz cəmiyyətinin hərtərəfli inkişafına, onun institutlarının tərəqqisinə həssaslıqla yanaşmaqdadır. Bu qəbildən olan işlərin icrasına beynəlxalq təşkilatların cəlb edilməsi qeyd olunan prosesin şəffaflığının göstəricisidir. Son dövrlər respublikamızda məhkəmə-hüquq sisteminin daha da təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən çoxsaylı işlərin, icra olunan layihələrin mövcudluğu isə dövlətimizin bu işdə nə qədər maraqlı olduğundan xəbər verir.
h.e.f.d. Anar BAĞIROV
Mənbə: http://www.azerbaijan-news.az/index.php?mod=3&id=17671