BHM Hüquq Şirkəti MMC
en az

Bakıda “Kredit alanların hüquqi müdafiəsi, maliyyə sektorunun sabitləşdirilməsi naminə istehlakçıların müdafiəsi” mövzusunda beynəlxalq konfrans keçirilib

30.11.2012

Bakıda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və Bakı Hüquq Mərkəzinin (BHM) birgə təşkilatçılığı ilə kredit istehlakçılarının maraqlarının müdafiəsi məsələlərinə həsr olunan “Kredit alanların hüquqi müdafiəsi, maliyyə sektorunun sabitləşdirilməsi naminə istehlakçıların müdafiəsi” mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın məlumatına görə, konfransı giriş sözü ilə açan Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev deyib ki, bu gün hər ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi, xüsusən də istehlakçıların, kredit sahəsində subyektlərin hüquqlarının qorunması qarşıda duran vacib məsələlərdəndir. O, beynəlxalq konfransın təşkilinin kredit istehlakçıları, hüquq ictimaiyyəti üçün əhəmiyyətini qeyd edib, bankların və digər aidiyyəti qurumların öz fəaliyyətlərində vətəndaşların hüquq və azadlıqlarına hörmətlə yanaşmalarının vacibliyini vurğulayıb.

 

Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle tədbirin hər kəs üçün faydalı olacağına ümid etdiyini, bazar iqtisadiyyatı şəraitində gündən-günə artan kredit istehlakçılarının müdafiəsinin səmərəli təşkilinin daim diqqət mərkəzində saxlanılmalı olduğunu söyləyib. Səfir qeyd edib ki, kredit alanların hüquqlarının qorunması təkcə Azərbaycanda deyil, bütün dünyada aktual məsələdir.

 

GİZ-in layihə rəhbəri Tomas Melser çıxış edərək tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib və konfransın əhəmiyyətindən danışıb. Sonra müxtəlif mövzularda məruzələr dinlənilib.

 

Almaniyanın Ziqen Universitetinin professoru, bank üzrə ekspert Peter Krebs bu istiqamətdə beynəlxalq təcrübə və mövcud reallıqlar haqqında danışıb. O deyib ki, borc alan tərəfin az məlumatlı olması bu sahədə problemlər sırasındadır. Azərbaycanda isə vəziyyət Qərbi Avropa ölkələri ilə müqayisədə bir qədər ciddidir.

 

Almaniyalı ekspert Aleksandr Oyfinder kredit sistemində spesifik Avropa qaydalarından bəhs edib.    

 

Tədbirdə Azərbaycanın bank sektorunda istehlakçıların hüquqi vəziyyəti, yerli məhkəmələrdə kredit mübahisələri ilə bağlı işlərə baxılma təcrübəsinin öyrənilməsi, həmçinin müvafiq qanunvericiliyin təhlil edilməsi və bu sahədə Avropa təcrübəsinin bölüşdürülməsi məsələləri müzakirə edilib.

 

Konfransda Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Bakı Apellyasiya Məhkəməsinin hakimləri, yerli bankların və kredit təşkilatlarının təmsilçiləri, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.