BHM Hüquq Şirkəti MMC
en az

Azərbaycanda bəzi mallar gömrükdən güzəştli qaydada keçəcək

21.12.2012

Azərbaycana təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, Azərbaycanın qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsi güzəştli və sadələşdirilmiş qaydada həyata keçiriləcək. Nazirlər Kabineti bununla bağlı qaydaları təsdiqləyib.

 

Qərara əsasən, adı çəkilən malların və məhsulların gömrük rəsmiləşdirilməsi «elektron növbə» idarəetmə sistemində müəyyən olunmuş ardıcıllıqdan kənar aparılır.

 

Bundan başqa, qaydalarda bildirilir ki, gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədi ilə ayrı-ayrı gömrük əməliyyatlarının həyata keçirilməsi üçün gömrük orqanları ilə kağız üzərində yazılı və ya elektron formada razılaşdırılmaqla, gömrük rəsmiləşdirilməsi iş vaxtından kənar saatlarda da aparılır.

 

Qaydalara əsasən, təbii fəlakət zonalarında zərər çəkmiş əhaliyə yardım göstərilməsi üçün göndərilən ərzaq məhsulları, mallar və nəqliyyat vasitələri, habelə müvafiq orqanların təbii fəlakətin nəticələrinin ləğvi ilə məşğul olan şəxsi heyəti üçün nəzərdə tutulmuş avadanlıq, xüsusi nəqliyyat vasitələri, ehtiyat hissələri, şəxsi əşyalar və digər mallar yardım yükü hesab olunur və yardım yüklərinin gömrük rəsmiləşdirilməsi vaxtından asılı olmayaraq güzəştli və sadələşdirilmiş qaydada həyata keçirilir. Bu malların rəsmiləşdirilməsi zamanı sadələşdirilmiş bəyannamələrdən istifadə olunur.

 

Təbii fəlakət zonalarında zərər çəkmiş əhaliyə yardım göstərilməsi üçün gömrük ərazisinə gətirilən yardım yükləri yalnız nəzərdə tutulmuş məqsədlər üçün istifadə edilir. Bu yardım yüklərinin başqa məqsədlər üçün istifadəyə gömrük ödənişləri tam ödənildikdən, Gömrük Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra gömrük orqanlarının icazəsi ilə yol verilir.

 

Təbii fəlakət zonalarında zərər çəkmiş əhaliyə yardım göstərilməsi üçün gömrük ərazisinə gətirilən yardım yüklərinə ticarət siyasəti tədbirləri, qadağa və məhdudiyyətlər, həmçinin gömrük ödənişləri tətbiq edilmir.

 

Gömrük sərhədindən keçirilən canlı heyvanların sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi onların tələf olmaması, tez xarab olan malların xarab olmaması məqsədi ilə həyata keçirilir. Tez xarab olan mallar dedikdə daşınılmasına və saxlanılmasına xüsusi şərait tələb olunan (nəmişlik, hərarət, təzyiq və s.) mallar nəzərdə tutulur.

 

Gömrük ərazisinə gətirilən radioaktiv maddələrin gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydada aparılması təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilir. Radioaktiv maddələr Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmaqla ayrılmış xüsusi yerlərdə saxlanılmalıdır.

 

Kütləvi informasiya məqsədləri üçün gömrük sərhədindən keçirilən məlumatların və digər materialların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydada aparılması isə onların aktuallığının itirilməməsi məqsədi ilə həyata keçirilir.