Azərbaycan prezidenti İlham Əliyev «Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında» sərəncam imzalayıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına iki ay müddətində nəqliyyat vasitəsini idarə etmə hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi qaydalarının təkmilləşdirilməsi və bu sahədə şəffaflığın artırılması, həmçinin yol-nəqliyyat hadisələrinin sərxoş halda, nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmış və ya belə hüququ olmayan şəxs tərəfindən törədilməsi ağır nəticələrə səbəb olduğu hallarda cinayət məsuliyyətinin sərtləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Həmçinin sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bir ay müddətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırığı verilib.
Sərəncamla daxili işlər nazirliyinə Sərəncamda nəzərdə tutulan vəsaitin istifadəsi zamanı şəffaflığın təmin edilməsi məqsədi ilə ciddi tədbirlər görmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; bir ay müddətində nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; yol-nəqliyyat hadisəsi yerlərinə baxışın nəticələrinin rəsmiləşdirilməsinin qanunun tələblərinə ciddi əməl edilməklə həyata keçirilməsini təmin etmək; yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altındadırsa, həmin hadisədən dərhal sonra müvafiq görüntülərin elektron daşıyıcıda təhqiqat və ya istintaq materiallarına əlavə edilməsini təmin etmək; yol-nəqliyyat hadisələrinin törədilməsinə səbəb olan və ya şərait yaradan halların aradan qaldırılması üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsini təmin etmək tapşırılıb.
Sərəncama əsasən ədliyyə və səhiyyə nazirliklərinə müvafiq olaraq məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizaları və məhkəmə-tibb ekspertizalarının qanunun tələblərinə əməl edilməklə vaxtında və obyektiv aparılmasına nəzarəti gücləndirmək, bu sahədə mövcud olan nöqsanları aradan qaldırmaq və qanunun tələblərini pozan ekspertlər barəsində ciddi intizam tənbeh tədbirləri görmək tapşırığı verilib
Azərbaycan Respublikasının Baş Prokurorluğuna yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında qanunların icrasına nəzarətin gücləndirilməsini və aşkar olunan pozuntuların aradan qaldırılmasını təmin etmək; sərəncamda nəzərdə tutulan hərəkətlərin təhqiqat və istintaq orqanları tərəfindən icra olunmasına nəzarət etmək; yol-nəqliyyat hadisəsinin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin sağlamlığına yetirilmiş xəsarətlərin ağırlıq dərəcəsi ilə bağlı məhkəmə-tibb ekspertizası rəylərinin cinayət işinin digər materialları ilə yanaşı, həmin şəxslərlə bağlı təcili tibbi yardım, tibb müəssisələrində müalicə və müayinə sənədləri ilə müqayisəli şəkildə qiymətləndirilməsini, ekspert rəylərinin əsaslılığına şübhələr olduqda təkrar ekspertizaların təyin edilməsini və qanun pozuntusuna yol verən şəxslərin məsuliyyətə cəlb edilməsini təmin etmək; açılması təmin edilməmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı əməliyyat-axtarış və istintaq hərəkətlərinin vaxtında, tam və hərtərəfli həyata keçirilməsinə nəzarəti gücləndirmək; yol-nəqliyyat hadisələri ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsini təmin etmək tövsiyə olunub.
Azərbaycan Respublikasının Ali Məhkəməsinə sərəncamda məhkəmə orqanları tərəfindən yol-nəqliyyat hadisələrinə dair işlərə baxılması ilə əlaqədar mövcud məhkəmə təcrübəsini ümumiləşdirmək və bu kateqoriyadan olan işlərə baxarkən öz qərarları ilə ədalətli məhkəmə təcrübəsini formalaşdırmaq tövsiyə olunub.