BHM Hüquq Şirkəti MMC
en az

Azərbaycanda xeyriyyəçiliklə bağlı yeni qanun layihəsi hazırlanır

07.01.2013

Azərbaycanda xeyriyyəçiliklə bağlı yeni qanun layihəsi hazırlanır. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, parlamentin 2013-cü ilin yaz sessiyası ərzində təmsil olunduğu komitə çərçivəsində xeyriyyəçilik, sponsorluqla bağlı yeni qanun layihəsi hazırlamaq niyyətindədir.

 

Onun sözlərinə görə, qanunda xeyriyyəçi təşkilatlara, sponsorlara vergi güzəştləri tətbiq etmək, onların donorluq fəaliyyətini təşviq etmək nəzərdə tutulacaq. Quliyev onu da qeyd edib ki, belə qanunun qəbul olunmasında ən böyük çətinlik vergi güzəştlərinin tətbiq olunmasıdır: "Hələlik bununla bağlı müvafiq qurumlarla bu güzəştlərin hansı formada tətbiqi ilə bağlı danışıqlar aparılır". Deputat bildirib ki, qanun mədəniyyət sahəsi, həmçinin sosial və humanitar layihələr üçün nəzərdə tutula bilər. "Xeyriyyəçilər hər zaman nümunə kimi göstərilir və belə insanlara, təşkilatlara dövlət tərəfindən müəyyən güzəştlərin edilməsi vacibdir. Bu məsələ də qanunla tənzimlənməlidir", - Quliyev deyib.

 

Qanun layihəsinin Milli Məclisin 2013-cü il yaz sessiyasında Sosial siyasət komitəsində müzakirəyə çıxarılacağı gözlənilir.