Azərbaycanda tətbiq olunan informasiya kommunikasiya texnologiyalarının köməyi ilə təqsirləndirilən şəxslər və şahidlər məhkəməyə gətirilmədən uzaq məsafədən dindiriləcəklər.
Ədliyyə Nazirliyindən lawreform.az-a verilən məlumata görə, Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində inşa olunmuş yeni məhkəmə binaları bu texnologiyalar ilə təchiz olunub.
Nazirlikdən bildirilib ki, müasir texnologiya və avadanlıqlarla təchiz olunaraq istifadəyə verilmiş yeni məhkəmə binalarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışlar aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün bütün zəruri infrastruktur quraşdırılıb.
Müasir konfrans zallarında isə hakimlərə və məhkəmə işçilərinə Ədliyyə Nazirliyinin iclaslarına, toplantılarına, həmçinin Ali Məhkəmənin Plenumuna birbaşa qoşulmaq imkanı yaradılıb. Məhkəmə zallarında təqsirləndirilən şəxslər dəmir barmaqlıqlar arxasında deyil, beynəlxalq standartlara uyğun xüsusi ayrılmış zirehli şüşə otaqda saxlanılır. İlk dəfə olaraq tətbiq olunan "Bloostar" adlı videokonfrans telefon sistemi ilə 6 qurumla eyni vaxtda müzakirələr aparmaq mümkündür.
Layihə çərçivəsində Bakının Yasamal rayonu, Gədəbəy, Oğuz, Gəncə şəhəri Nizami rayon məhkəmələri üçün yeni binalar inşa olunaraq istifadəyə verilib.
Ümumiyyətlə isə layihə çərçivəsində 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb. Sabunçu və Şəki məhkəmə komplekslərinin, Quba Rayon məhkəməsinin yeni binalarının inşasına başlanılıb.
Mənbə: http://www.lawreform.az/index.php?module=news&name=view&id=217&lang=az
The information contained in this website is provided only for informational purposes only, and should not be construed as legal advice on any matter. The receipt of information contained on this Web site, in whole or in part, or communication with BHM Law Firm via the Internet or e-mail through this website does not constitute or create a lawyer-client relationship between us and any recipient.
© 2024 Powered by BHM