Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı bir sıra problemlər yaşanmaqdadır. İstehlakçıların ən çox üzləşdikləri problemlərdən biri də aldıqları malın keyfiyyətsiz çıxması zamanı onun geri qaytarılması ilə bağlıdır. Təsadüfi deyil ki, ölkənin əksər ticarət mərkəzlərini “alınan mallar geri qaytarılmır” “şüarı” bəzəyir. Bəs Azərbaycanda alıcılar mağazalardan aldıqları malı nə zaman dəyişdirə və geri ala bilərlər? Qanunvericilik istehlakçıların hüquqlarının müdafiəsi üçün hansı imkanları yaradır?
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi Dünyamin Novruzov bildirib ki, alıcının əldə etdiyi malı dəyişdirmək hüququ Mülki Məcəllənin 623-cü və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 15-ci maddələrində nəzərdə tutulub. Qeyd olunan qanunvericiliyə uyğun olaraq alıcı aldığı malı başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Qeyri-ərzaq malları alındığı andan 14 gün müddətində dəyişdirilə bilər. Lakin satıcı tərəfindən daha uzun müddət də müəyyən edilə bilər. Novruzov deyir ki, Mülki Məcəllənin 623.1-ci maddəsinin tələbinə görə, malın dəyişdirilməsi zamanı qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşmalar aparılmalıdır. Əgər satıcıda dəyişdirmək üçün zəruri mal yoxdursa, alıcı əldə etdiyi malı satıcıya qaytara və mal üçün ödədiyi pulu geri ala bilər.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun tələbinə görə, malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablaşmaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək , ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. Əgər, satıcıda dəyişdirilmək üçün zəruri mal varsa, onda alıcı əldə etdiyi malı qaytara bilməz. Mərkəzin hüquqşünası bildirib ki, qanunvericilkdə alıcının malı dəyişdirmək tələbinin təmin olunmasının müddəti müəyyənləşdirilməyib. Ona görə də, mal ağlabatan müddətdə dəyişdirilməlidir. Əgər ağlabatan müddətdə satıcı malı dəyişdirməzsə, alıcı əldə etdiyi malı satıcıya qaytara və ödədiyui pulu geri ala bilər:
“Əgər mal işlədilibsə, yaxud da hər hansı istehlak xassələrini itiribsə, onda mal nə dəyişdirilə, nə də qaytarıla bilər.Eyni zamanda alıcıda həmin malı həmin satıcıdan aldığına dair sübutlar (mal, yaxud kassa qəbzi) olmalıdır”.
Hüquqşünasın sözlərinə görə, bir qrup mallar var ki, onlar dəyişdirilə bilməz. Bu malların siyahısı Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı haqqında” 21 may 1998-ci il tarixli qərarı ilə təsdiq edilib. Bu mallara qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, məişət kimyası malları, bağçayaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, şəxsi gigiyena əşyaları, uşaq oyuncaqları, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları, istehsal qüsurları istisna olmaqla, istifadə olunmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları daxildir. Həmçinin alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı aşağıdakılardan birini tələb edə bilər: həmin malı lazımi keyfiyyətli malla dəyişdirilməsi; alış qiymətinin mütənasib surətdə azaldılması; malın qüsurlarının təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılması. Alıcı həmin tələbləri irəli sürmək əvəzinə pərakəndə alqı-satqı müqaviləsinin icrasından imtina edə və mal üçün ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.