BHM Hüquq Şirkəti MMC
en az

Qanunlarımız sahibkarları inzibati cərimələrdən qoruya bilirmi? - MÜNASİBƏT

16.01.2013

Son dövrlər iqtisadi münasibətlərin intensiv inkişafı digər dövlət və ictimai sahələrə də təsirsiz ötüşməyib. Bu sahələrdən biri də məhkəmələr, dolayısilə onların praktikasıdır. Məlum olduğu kimi son illər müxtəlif dəyişikliklərə məruz qalan əsas qanunlarımızdan biri də İnzibati Xətalar Məcəlləsidir. Məhkəmələrimiz tərəfindən bu məcəllə əsasında icraatın aparılması işində müsbət təcrübənin formalaşmasına baxmayaraq, qanunun uğurlu tətbiqi ilə bağlı problemlər yaşanmaqdadır. Bu isə öz növbəsində sahibkarların azad şəkildə kommersiya fəaliyyəti ilə məşğul olmalarına maneə yaratmaqdadır. Bundan əlavə, cərimlərin məbləğinin yüksəkliyi vəziyyəti sahibkarlar üçün daha acınacaqlı edir.

Bakı Hüqüq Mərkəzinin (BHM) direktoru, hüquq elmləri üzrə fəlsəfə doktoru Anar Bağırov bildirib ki, qeyd olunan problemlər əsasən, bir sıra inzibati orqanlar tərəfindən ticarət obyektlərində yoxlamaların aparılması nəticəsində tətbiq edilən inzibati tədbirlərdən (əsasən, cərimələrdən) sahibkarların məhkəmələrə verdikləri şikayətlərlə bağlıdır. Onun sözlərinə görə, inzibati orqanların ticarət obyektlərinə tətbiq etdiyi cərimələr əsas etibarı ilə sanitar-gigiyena normalarına riayət edilməməsi, saxlama müddəti ötmüş məhsulların satılması və s. ilə bağlıdır ki, buna görə də İXM-də müəyyən olunmuş cərimələrin həddi o qədər də aşağı deyildir: “Etiraf etməliyik ki, ticari dövriyyəsi o qədər də böyük olmayan obyektlər üçün belə cərimələrin məbləği kifayət qədər yüksək hesab oluna bilər. Nəzərə alsaq ki, indiki halda ölkə üzrə ticarət obyektlərinin əksəriyyəti kiçik market və dükanlardır, belə hal xırda və orta sahibkarlığın işinə ciddi təhdiddir”. A.Bağırovun sözlərinə görə, cərimələrin hansı həddə seçilməsi və ya ondan azad olunması ilə bağlı, qanun məhkəməyə mühüm səlahiyyətlər vermişdir. Belə ki, İXM-nin 21-ci maddəsinə əsasən, törədilmiş inzibati xətanın az əhəmiyyətli olması ilə bağlı məhkəmə tətbiq ediləcək cəriməni daha yüngül cəza ilə əvəz edə və ya həmin şəxsi məsuliyyətdən azad edə bilər: “Məsələn, yuxarıda göstərilən nümunədə məhkəmə ticarət obeyktinə dair 1500-2000 manatlıq cərimənin məbləğini azalda və ya onu ləğv edə bilər. Lakin, unutmaq lazım deyil ki, hakimin cəzanı yüngülləşdirməsi üçün xətanı törətmiş şəxsin əməli ilk dəfə etməsi və həmin əməlin heç bir ağır nəticələrə səbəb olmaması vacib şərtdir. Yalnız belə olan halda hakim "cərimə"ni "xəbərdarlıq" cəzası ilə dəyişə bilər. İlk dəfə törədilmiş əmələ görə hakim tərəfindən cəzanın tətbiq edilməsi zamanı "xəbərdarlıq" cəzasının seçilməsi, bəlkə də, daha düzgün olardı. İnzibati Xətalar Məcəlləsinin 24-cü maddəsində "xəbərdarlıq" cəzasına yalnız "hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbir" kimi tərif verilib”.

Mərkəz rəhbəri qeyd edib ki, ölkəmizin qanunvericiliyində bu cəza növünün tətbiqi şərti məcəllənin həmin və ya digər maddələrdə göstərilməyib. Yəni, hakimin hansı halda cəzanı yüngülləşdirərkən məhz "xəbərdarlığ"ı tətbiq etməli olduğu barədə heç nə deyilmir: “Bu isə məhkəmə təcrübəsində boşluqların yaranmasına səbəb olur. Halbuki, Rusiyanın analoji qanunvericiliyində bu məsələ öz həllini aşağıdakı kimi tapmışdır. "Xəbərdarlıq ilk dəfə törədilmiş və cəmiyyətə, dövlətə heç bir zərəri dəyməyən və ona təhdid törətməyən əmələ görə tətbiq olunur...". Əslində bu problem MDB ölkələrinin əksəriyyətinin (Gürcüstan, Qazaxstan, Belarus, Ukrayna və s.) qanunvericiliyində mövcuddur. Hətta Gürcüstan Respublikasının müvafiq qanunvericiliyinin 2012-ci il üzrə analizi göstərir ki, eyni problem Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 15-ci maddəsində də mövcuddur. Gürcüstan müvafiq qanunvericiliyinin bu təhlili Avropa Şurasının İnsan hüquqları və qanunun aliliyi Baş idarəsinin dəstəyi ilə İspaniyanın Madrid Komplutense Universitetinin professoru Loerna Baxmayer Vinter tərəfindən aparılmışdır. Hesab edirəm ki, Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə analoji əlavənin edilməsi qeyd olunan boşluğun doldurulmasında, həmçinin məhkəmə praktikasında baş verə biləcək anlaşılmazlıqların aradan qaldırılmasında faydalı ola bilər”.

Mənbə: http://www.olaylar.az/news/social/27044