Əmlak Məsələləri Dövlət Komitəsi ipoteka sövdələşmələri və hüquqların tanınmasının qeydiyyatı və ləğv edilməsi prosesini avtomatlaşdıracaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında deyilir.
Dövlət Komitəsinin bu xidmətlərin elektron formaya keçirilməsi üzrə təklifi baxılması üçün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilib.
"Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2012-ci ildə bir sıra tədbirlər həyata keçirilib.
2012-2015-ci illəri əhatə edəcək planlar korrupsiya ilə mübarizə və idarəetmə sahəsində davamlı tədbirlərin həyata keçirilməsinə, dövlət orqanlarının işində şəffaflığın artırılmasına, müasir standartlara uyğun idarəetmənin təşkilinə, Açıq Hökuməin prinsiplərinə dəstək verilməsinə yönəlib.
Milli planın həyata keçirilməsi məqsədilə Dövlət Komitəsi tərəfindən 2013-cü il üçün fəaliyyət planı təsdiq edilib.
Hazırda elektron poçt vasitəsilə ərizə və şikayətlərin qəbulu işinin təşkili məqsədi ilə komitənin office@emdk.gov.az elektron ünvanına daxil olmuş müraciətlər müvafiq şöbədə qeydiyyata alınaraq cavablandırmaq üçün aidiyyəti üzrə struktur bölmələr və qurumlara çatdırılır. Bu proses Avtomatlaşdırılmış Sənəd Dövriyyəsi İnformasiya Sistemi vasitəsilə də aparılır.
Milli Fəaliyyət Planına uyğun olaraq, maraqlar toqquşmasının qarşısının alınması istiqamətində komitədə iş aparılır. 2013-cü ildə Maraqlar toqquşmasının qarşısının alınması üzrə treninqlərin təşkil edilməsi nəzərdə tutulub.
"Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun əlavələr və dəyişikliklər edilməsi barədə" qanunu layihəsi hazırlanıb. Layihədə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi üçün müəyyən edilmiş 20 günlük müddətin 7 iş günü müddətinə, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi üçün müəyyən edilmiş 5 iş günlük müddətin 1 iş günü müddətinə, əmlak bölmələrinin sayının 15-dən 10-a endirilməsi və digər dəyişikliklər nəzərdə tutulub.
Vətəndaşların rahatlığı üçün elektron növbə sistemi tətbiq edilib. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin göstərdikləri xidmətlər müqabilində dövlət rüsumları və xidmət haqlarının ödənilməsinin avtomatlaşdırılması və ödəniş sistemləri infrastrukturuna texnoloji inteqrasiyası məqsədilə müvafiq şəbəkə əlaqəsinin və proqram təminatının hazırlanması, həmçinin uyğun bir ödəniş sisteminin yaradılması məqsədilə köməklik üçün "Kapital Bank"a müraciət olunub. İlkin mərhələdə bütün məsələlər ətrafında prinsipial razılıq əldə edilib və tələblər müəyyən edilib.
Hazırda təkrar bazardan qaytarılan əmlakın qeydiyyatı üzrə məhdudiyyətlər və müraciətə dair arayışların verilməsi elektron formada həyata keçirilir.
Mənbə: http://az.trend.az/regions/scaucasus/azerbaijan/2109551.html
The information contained in this website is provided only for informational purposes only, and should not be construed as legal advice on any matter. The receipt of information contained on this Web site, in whole or in part, or communication with BHM Law Firm via the Internet or e-mail through this website does not constitute or create a lawyer-client relationship between us and any recipient.
© 2024 Powered by BHM